421
18:55
30 Oktyabr 2019

Qazilər yeni təşkilat yaratdı

Bu günlərdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Məcburi Köçkün və Müharibə Veteranlarına Dəstək“ ictimai birliyinin oktyabrın 30-da təqdimatı oldu.
Lent.az -ın məlumatına görə, tədbir Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin öfisində baş tutub.
Yeni yaranan təşkilatın məqsədi məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, Qarabağ əlillərinin problemlərini araşdıraraq onların həllinə yardımçı, mənəvi dəstək olmaqdan ibarətdir.
Təqdimatda təşkilatın sədri Əbil Zeynalov çıxış edərək birliyin məqsəd və məramından danışdı. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Qarabağ Əlillərinə Qayğı” birliyinin sədri Firidun Məmmədov, “Qarabağ Qaziləri“ İctimai birliyinin nəzarət-təftiş komissiyasının üzvü, Qarabağ qazisi Rafiq Kərimov, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu, Aprel qazisi, yeni yaranan təşkilatın idarə heyətinin üzvü Əhliyət Mehdiyev çıxış edərək təşkilatın yaranmasının zərurətindən danışaraq, yeni təşkilatın rəhbərlərinə işlərində uğurlar arzuladılar. Çıxışçılar bildirdilər ki, Azərbaycanda müharibə ilə bağlı xeyli sayda təşkilat var. Onların içərisində yaxşı fəaliyyət göstərəni də, fəaliyyətsiz olanı da var. “Ümid edirik ki, yeni təşkilat məcburi köçkün, şəhid ailələri və müharibə veteranlarının problemlərinin çözülməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək“.
Yeni yaranan təşkilatın sədri Əbil Zeynalov qarşıya qoyduqları məqsədə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. Ə. Zeynalov onu da qeyd etdi ki, Azərbaycanın köçkün qəsəbəsi olan bütün bölgələrində təşkilatın filialları yaradılacaq.
Qeyd edək ki, Qarabağ qazisi Əbil Zeynalov ağdamlı, “Qatır Məmməd“ ləqəbl Yaqub Rzayevin batalyonunda düşmənə qarşı vuruşub, döyüşlərin birində ağır yaralanıb. Xalq Hərəkatının Ağdamdakı fəallarından biri olub.