847
15:05
27 May 2019

Səfir Rəşad İsmayılovun Qətərin bir neçə qəzetində müsahibələri nəşr olunub

28 May - Respublika Günü, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan-Qətər diplomatik münasibətlərinin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin ““Əl-Şərq”, “Əl-Ərəb” və “Əl-Raya” qəzetlərində geniş müsahibələri dərc edilib.
Lent.az bildirir ki, müsahibələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Cümhuriyyət dövründə əldə olunmuş nailiyyətlər, Azərbaycanda diplomatik xidmət orqanlarının fəaliyyəti, Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti və turizmin inkişafı, həmçinin ölkəmizdə qeyd olunan “İmadəddin Nəsimi ili” haqqında geniş məlumat verilib.
Yazıda 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay davam etməsinə baxmayaraq Azərbaycan tarixində mühüm yer tutduğu və Cümhuriyyətin yaranma günü – 28 may tarixinin Azərbaycanın milli bayramı kimi qeyd olunduğu bildirilib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyi və ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin rəhbərliyi altında ölkənin bu gün bütün sahələrdə inkişaf dövrünü yaşadığı vurğulanıb.
Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, Dövlət başçıları tərəfindən həyata keçirilmiş qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 30-dan artıq sənədin imzalandığını diqqətə çatdırın səfir, cari il ərzində həyata keçirilmiş səfərlər və tədbirlər barədə geniş məlumat verib.
Hökumətlərarası müştərək komissiyanın fəaliyyəti və fevral ayında Dohada keçirilmiş ikinci toplantısının nəticələrinə, həmçinin Azərbaycan tərəfindən aprel ayında Qətərə təşkil edilmiş ixrac missiyasının səfərinə toxunan səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq
qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs olunub.