Bayramlaşma
12 aprel 2019 00:20 (UTC +04:00)

Bayramlaşma

Həmişə demişəm: kütləvi olan nə varsa, təhlükəlidi. Etiraz da, təqdir də, inam da, inamsızlıq da. Lent.az-ın bugünkü canlı yayımında qonaq olan Bayram Nurlunun kimliyi və nəliyi mənimçün qətiyyən önəm daşımır. Bu məxluqun orientasiyası, yaşam tərzi, geyimi, davranışı da həmçinin. Öz işidir. Adam necə istəyir, elə də yaşayır. Ciddi və səmimi olaraq, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də heç bir təhlükə kəsb etmir. Təhlükə - necə yaşamağını özünün müəyyənləşdirməyin deyil. Təhlükə - necə yaşamağını başqalarının müəyyən etməyə çalışması, ən pis olansa bunu bacarmalarıdır. Həm də xorla. Xor çox qorxuludur. Qarşısına çıxan hər şeyi yıxmaq, yeməkdir xorun işi. Əvvəl pis olanı, “qida”sı tükənəndə isə yaxşı olanı da. Ac qala bilməz xor...

***

Lent.az-ın bugünkü canlı efirinə sosial şəbəkələrdə rəy yazanların heç birini qınamıram, tənqid də etmirəm, təqdir də. Bu da onların öz işidir. Mənim işim nəticə çıxarmaqdır – çıxarıram. Hətta deyim ki, saytımızdan yaxşı gözləntiləri olduğu, ciddi sayt hesab etdikləri, güvəndikləri üçün təşəkkür də edirəm. Belə. Rahat oldunuzsa, özümüzə keçim.

Fala inanmıram, falçıya da həmçinin. Bayram Nurlu ilə eyni həyat tərzi keçirmədiyimi də hamı bilir. Bununla fəxr edirəmmi? Yox. Məyusammı belə olmadığım üçün? Yenə yox. Öz işimdi.

Mən bir sayt rəhbəriyəm. İşim ölkə və dünya gündəminə aid xəbərləri, təfsilatları oxucuya çatdırmaqdı.

Ölkəmiz müqəddəs bir savaş içindədir onillərdir – müstəqillik və torpaq bütövlüyü uğrunda savaş. Bu yolda şəhid, qazi, əlil olan insanlarımız Lent.az-ın həmişə ən ümdə mövzularından olub. “Oxunmayacaq” deyib israr edəndə, “oxudacağıq” deyib zəhmət çəkmişik, neçə layihələrimizi belə israrla tanınan ada çevirmişik. “Əsir düşərgəsi”, “Şəhid əmanəti”, “Döyüş tarixi”, “Kəşfiyyatçının xatirələri”, “Barıt qoxusu”... kitablar yaranıb bu layihələrdən, fəxr edirik.

Saytımızın mövzu kateqoriyaları arasında bir “maqazin” bölümü də var. Hamının bildiyi, oxuyub tiraj verdiyi xəbərlər, reportajlar və müsahibələr yerləşdirilir orada. Hər saytda, hər bir KİV-də belə bir sahə, bölüm, şöbə, ən azı əməkdaş var. Canlı yayımlarımızda bütün digər kateqoriyalardan olduğu kimi, maqazin bölümündən də mövzular çıxarılır müzakirəyə. Bayram Nurlunun da məsələsi bu qəbildən, adidən adi bir hal idi. Yamanlayıb söydüyümüz, bəyənmədiyimiz bu məxluq instagram fenomenidir. 218 min izləyicisi var! Sizə maraqlı deyil səbəbi? Mənə maraqlıdır. Dünyanın hər yerində, ən tanınmış, ciddi media orqanları da bu cür sosial şəbəkə fenomenlərini səhifələrində qonaq edirlər. Müsahibələri, evlərindən, həyat tərzindən reportajlar yayımlayırlar. Ayşə Arman kimi nəhəng qələm bir lesbiyanın evində qonaq olub, yatağında bir gecə yatıb, mükəmməl, çox maraqlı bir yazı yazmışdı. Şedevr.

Maraqlıdır, Samiraldo ilə canlı yayımda müsahibə etmişik, “İnternat dramı” layihəsində həyatından serial yazılar yazmışıq. Məsələ “o cür” olmaqdırsa, Samiraldo haqda daha qədimdən danışırlar. “O cür” olmaq deyilsə, Bayrama görə bizi niyə linç eləyirlər, anlamıram. Pis nümunədi? Onda zəhmət çəkib bir gün əvvəl Elinanın intiharını müzakirə etdiyimiz psixoloq və Təhsil Nazirliyi təmsilçisinin canlı yayımına baxardınız. 30-40 nəfər idi izləyən. Debat kraliçası da eyni mövzunu qoymuşdu – 60 nəfər izlədi ən çox... Hardaydınız? Bayramı gözləyirdiniz? Canlı efir başlayan kimi izləyici sayı yüzləri keçdi, maksımumunda 1100 nəfər oldu! Ay sizi....)) İnternet fenomeni deyil, nədi bu? Kim deyə bilər ki, bu mövzu bir KİV-in diqqət obyekti olmamalıdır?!

Başqa tərəfdən, axı nə hüquqda, ölkə qanunvericiliyində, nə də fəaliyyətimizi tənzimləyən etika kodeksində belə bir məhdudiyyət yoxdur! “Bayram Nurlunu efirə çağırmamaq”. Vətənə xəyanət etmişik? Milli maraqları satmışıq? Heç pornomaterial da deyil, terrora çağırış da deyil, milli-dini-irqi ayrı-seçkilik  təbliğatı da deyil, nə səs-küydü bu?!

Axı konkret qanunvericilik və etik kodeks pozuntusu olan intihar videosunu yayanda belə şivən qalxmadı! Niyə? Niyə hamı kişi kimi görünmək sindromu yaşayır?! Niyə qorxuruq biz birdən əksini hiss edərlər deyə? Niyə biz bayramnurluları dərhal, tələm-tələsik özümüzdən ayırıb identifikasiya edirik? Nədəndi bu narahatlıq? Hətta qadınlarımız da eyni yanaşma sərgiləyirlər. Ən maraqlı bilirsiz nədi? Bizim canlı efirə etriaz postu, yaxud kommenti yazan insanların bir neçəsi bayramnurlunun izləyicisiymiş. Narahat olmasınlar, deməyəcəm, çünki ÖZ İŞLƏRİdi...  

Əzizlər. Bu, mənim Lent.az-ı sevən, sevdiyi üçün irad və tənqidini də əsirgəməyən oxuculara hesabatım idi. Hər zaman belə hesabata hazıram.

Dostumuz olaraq qalın!

***

İndi gələk qəsdçi, balacabeyinli və fürsətbaz qırışmallara. Canıyla alver edən, şərəfini tərəziyə çıxaran, əxlaqını evində qış ağcaqanadı kimi qovub tuta bilməyən varlıqlar! Cəmiyyətə əxlaq dərsi keçirsiz? Susuruqsa, ədəbdəndir. Post yazıb, sonra da zəng vurub üzrxahlıq edən lotular, heç kimə deməyəcəm, rahat olun. Toliklərin tezisiylə məqalə yazıb tirajlayan bayramnurlular, üstümüzə qusmayın qəzəbinizi, sizi anlayırıq...

Bayramlaşmayın...

  

 

# 3474
avatar

QABİL ABBASOĞLU

Oxşar yazılar