Prezidentlər təkbətək görüşdü - FOTO - YENİLƏNİB
27 fevral 2019 12:15 (UTC +04:00)

Prezidentlər təkbətək görüşdü - FOTO - YENİLƏNİB

Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.
 
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
 
-Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
 
İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.
 
Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.
 
Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik.
 
Bir daha xoş gəlmisiniz.
 
X X X
 
Gürcüstan Prezidenti Salome ZURABİŞVİLİ dedi:
 
-Təşəkkür edirəm cənab Prezident.
 
Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.
 
Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik.
 
Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm.
 
Prezident İlham Əliyev: Sağ olun.

11:17

 

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

 

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşıladı.

 

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.

 

Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

 

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçdi.

 

Prezidentlər rəsmi foto çəkdirdilər.

# 552
avatar

Oxşar yazılar