İzləyicisini döyərək görüntülərini internetdə paylaşan “Zevs” ləqəbli yutuber (bloger) Ruslan Quliyev həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent az-a bildirib ki, Bakı şəhər sakini Ruslan Quliyev hadisədən sonra müəyyən edilərək saxlanılıb və barəsində toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib.
Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs olunub.
***
Saat 10:37
“Zevs” ləqəbli bloger Ruslan Quliyevin izləyicisini döyməsi ilə bağlı yayılan videogörüntülər araşdırılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, sosial şəbəkədə yayılan həmin görüntülər nəzarətə götürülüb:
“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, R.Quliyev yarım milyondan çox izləyicisi olan “Youtube” kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında “Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.
İzləyicilər isə bu hərəkəti özbaşınalıq adlandırıb və DİN-dən məsələyə reaksiya verməsini tələb edib.
Nəzərinizə çatdıraq ki, “Zevs” karantinlə bağlı dövlət tərəfindən verilən 190 manatı alıb lazımsız şeylərə sərf etmişdi. Belə ki, o, həmin pula çoxlu qarpız alaraq hamısını məhv etmişdi.