Bakının mərkəzində Dəmiryol Vağzalının qarşısında parklanma qaydaları dəyişib. Artıq sürücülər burada yeni şərtlərlə maşınlarını saxlayır.
Lent.az-ın çəkiliş qrupu yeniliyi öyrənmək üçün Dəmiryolu Vağzalının qarşısındakı parklanma meydançasında olub.
Yeni qaydalar Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı giriş şərtlərinə çox oxşayır. Belə ki, sürücülər meydançaya girməzdən əvvəl ödəmə terminalında dayanma müddətindən asılı olaraq ödəniş etməlidir. Ərazidə yalnız avtomobillər deyil, həm də velosiped və mopedlər üçün də dayanma yerləri nəzərdə tutulub. Onlar üçün parklanma tam pulsuz təşkil olunub.
Sürücülər ödəniş həyata keçirərkən terminaldan çek alırlar. Həmin çek çıxışda qoyulan aparata yaxınlaşdırılır və daha sonra şlaqbaum açılır. Parklanma meydançasında qaydalara düzgün riayət olunmasına nəzarət edən bir neçə işçi də fəaliyyət göstərir.
Onu da nəzərinizə çatdıraq ki, Bakının əksər yerində parklanma problemi qalmaqdadır. Tarif Şurası tərəfindən isə hələ ki, parklanma meydançaları üçün konkret ödəniş məbləği nəzərdə tutulmayıb.
Çəkiliş etdiyimiz avtomobil dayanacağı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərir.