Bir foto sizi təyyarədən düşürər və cərimələnə  bilərsiniz
12 may 2026 09:37 (UTC +04:00)

Bir foto sizi təyyarədən düşürər və cərimələnə bilərsiniz

0

Böyük Britaniyanın milli aviadaşıyıcısı British Airways uçuş zamanı ekipajın məxfiliyini qorumaq məqsədilə sərnişinlər üçün yeni məhdudiyyətlər tətbiq edib. Yeni qaydalara əsasən, sərnişinlərə bələdçiləri və digər əməkdaşları onların razılığı olmadan foto və ya video ilə çəkmək qəti şəkildə qadağandır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aviaşirkətin açıqlamasında bildirilir ki, əgər uçuş zamanı sərnişinin ekipaj üzvlərini icazəsiz çəkdiyinə dair əsaslı şübhə yaranarsa, bu davranışın qarşısını almaq üçün müxtəlif tədbirlər görülə bilər. Bu tədbirlərə sərnişinin təyyarədən endirilməsi və ya marşrutun növbəti hissələrində daşınmadan imtina da daxildir.

Şirkət nümayəndələri qeyd ediblər ki, qaydaları pozan şəxslərlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına ötürülə bilər və bu, cinayət məsuliyyətinə səbəb ola bilər. Yəni, qaydalara əməl etməyən sərnişinlər enişdən dərhal sonra hüquq-mühafizə orqanlarına təhvil verilə bilər.

Mütəxəssislər vurğulayır ki, təyyarə daxilində foto və video çəkilişlə bağlı vahid beynəlxalq standart mövcud olmasa da, digər iri aviaşirkətlər də oxşar siyasət yürüdür. Məsələn, Ryanair sərnişinlərə yalnız özlərinə aid görüntüləri çəkməyə icazə verir, ekipajın razılığı olmadan çəkilişi isə qadağan edir.

UK Civil Aviation Authority isə bildirir ki, təyyarədə hər cür çəkiliş prosesi kapitan və bort bələdçiləri tərəfindən nəzarətdə saxlanılır və bu, uçuş təhlükəsizliyinə risk yaratmamalıdır.

Qeyd edək ki, son dövrlərdə uçuş təhlükəsizliyi ilə bağlı insidentlər də diqqət mərkəzindədir. Belə ki, Southwest Airlines reyslərindən biri texniki nasazlıq səbəbindən az qala faciə ilə nəticələnirdi, lakin ikinci pilotun müdaxiləsi ilə qəzanın qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 899

Oxşar yazılar