Nijni Novqorod sakini Natalya Ubaydova, özünün dediyinə görə, 2015-ci ilin fevralında öldürülən rusiyalı siyasətçi Boris Nemtsova məxsus “Jiguli” avtomobilini satışa çıxarıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bununla bağlı məlumat onun “Facebook” səhifəsində yayımlanıb.
Avtomobili 3 milyon rubla ala bilərsiniz. Yayılan sənədlərə görə, ağ rəngli avtomobil 1991-ci ildə istehsal edilib. Əvvəlki sahibi Boris Nemtsovdur, avtomobilin pasportu 1997-ci ilin sentyabrında verilib.
Yazılan şərhlərdə avtomobilin Nemtsov Moskvaya köçdüyü zaman alındığı və etibar edilən bir şəxsin “Jiguli”nin satışına cəlb olunduğu göstərilir.
Nemtsov 1991-ci ilin noyabrında Nijni Novqorod vilayətinin başçısı təyin edilib, 1997-ci ilin martına qədər bu vəzifəni tutub, sonra Rusiyanın yanacaq və enerji naziri təyin edilib. 2015-ci ilin fevralında siyasətçi Moskvanın mərkəzində güllələnib. Dörd güllə vurulub və yerindəcə ölüb.