Zibil qutusundan  milyonluq həyata: “Atılmış uşaqlar”dan hansı zirvəyə qalxıb?
20 avqust 2026 16:38 (UTC +04:00)

Zibil qutusundan milyonluq həyata: “Atılmış uşaqlar”dan hansı zirvəyə qalxıb?

0

Onların həyata başladığı yer doğum otağı deyil, zibil qutusunun kənarı, qaranlıq küçə və ya soyuq zirzəmi olub. Bəzilərinin göbək bağı belə kəsilmədən tərk edildiyi, saatlarla ölümün astanasında qaldığı bildirilib. Lakin illər sonra həmin körpələrdən bəziləri milyonçu, ixtiraçı, ali təhsilli mütəxəssis və uşaq hüquqları müdafiəçisi kimi tanınıb.

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Zibil qutusunun yanından milyonçuluğa

Ən məşhur nümunələrdən biri amerikalı texnologiya sahibkarı Freddi Figgersdir. O, 1989-cu ildə Floridada doğulduqdan bir neçə saat sonra zibil qutusunun yanında tərk edilib. Körpəni təsadüfən ərazidən keçən şəxs taparaq polisə xəbər verib.

Freddi xəstəxanaya yerləşdirildikdən sonra Natan və Betti Figgers tərəfindən övladlığa götürülüb. Məktəb illərində digər uşaqlar ona “zibil qutusu körpəsi” deyərək lağ ediblər. Lakin Freddi bu damğanın gələcəyini müəyyənləşdirməsinə imkan verməyib.

Doqquz yaşında aldığı xarab kompüteri söküb yenidən işlək vəziyyətə gətirən Freddi 15 yaşında ilk şirkətini yaradıb. Daha sonra atasının Alzheimer xəstəliyi səbəbindən evdən uzaqlaşdığını görərək onun yerini müəyyənləşdirməyə imkan verən GPS qurğulu ayaqqabı hazırlayıb. Gənc ixtiraçının yaratdığı texnologiyalardan birini milyonlarla dollara satdığı bildirilib. O, sonradan telekommunikasiya şirkəti və xeyriyyə fondu yaradıb.

Ölümə atılan körpə uşaqların müdafiəçisinə çevrildi

Morgan Hill doğulduğu gün plastik torbaya qoyularaq ABŞ-nin İllinoys ştatında xəstəxananın arxasındakı zibil qutusuna atılıb. Torbanın ağzı iki dəfə düyünlənsə də, ərazidə işləyən fəhlə zəif səs eşidərək körpəni tapıb.

Tibb işçilərinin “Meri Qreys” adlandırdığı qız sonradan övladlığa götürülüb və qayğıkeş ailədə böyüyüb. Yetkinlik yaşına çatdıqdan sonra öz hekayəsini gizlətmək əvəzinə, təhlükəsiz təslimetmə qanunlarının fəal müdafiəçisinə çevrilib. Morgan bu gün valideynlərin istəmədikləri körpələri zibilə deyil, təhlükəsiz və qanuni şəkildə aidiyyəti qurumlara təhvil verməsinin vacibliyindən danışır.

Tərk edildiyi universitetdən məzun oldu

Cillian Sobol zibillikdə deyil, universitet yataqxanasının camaşırxanasında karton qutunun içində tapılıb. Onu tapan tibb tələbəsi körpənin xəstəxanaya çatdırılmasına kömək edib. Övladlığa verilən Cillian 31 il sonra həyatının başladığı San-Fransisko Dövlət Universitetinə qayıdaraq həmin ali məktəbdən məzun olub. Mərasimdə onu körpə ikən xilas edən qadın da iştirak edib.

Robin Barton isə 1989-cu ildə Kaliforniyada zibil qutusu ilə divarın arasında tapılıb. Bədəni soyumuş körpəyə polis əməkdaşı Maykl Buelna ilkin yardım göstərib. Övladlığa götürülən Robin illər sonra xilaskarı ilə görüşərək yaxşı ailədə böyüdüyünü və xoşbəxt həyat yaşadığını bildirib.

Azərbaycanda da həmin uşaqlardan var

Azərbaycanda da müxtəlif illərdə oxşar hadisələr qeydə alınıb. 2021-ci ildə Sumqayıtın Yaşıldərə yaşayış massivində sakin zibil atarkən körpə səsi eşidib. Vaxtından əvvəl və ev şəraitində doğulduğu ehtimal edilən qız Perinatal Mərkəzə yerləşdirilib, vəziyyətinin yaxşı olduğu açıqlanıb.

2023-cü ildə Bakının Sabunçu rayonunda da yeni doğulmuş körpə məişət tullantıları qutusundan tapılaraq xəstəxanaya çatdırılıb. Ana müəyyənləşdirilib və Cinayət Məcəlləsinin 143-cü – təhlükədə qoyma maddəsi ilə istintaqa cəlb olunub.

Azərbaycanda belə uşaqların sonrakı həyatı barədə məlumatın açıqlanmaması onların uğursuz taleyi demək deyil. Övladlığa götürülmüş uşaqların şəxsiyyətinin və şəxsi həyatının qorunması məqsədilə məlumatlar məxfi saxlanılır. Ola bilsin ki, illər əvvəl zibil qutusundan xilas edilən uşaqlardan biri bu gün məktəbdə əlaçı, idman yarışının qalibi və ya gələcəyin istedadlı mütəxəssisidir.

Bu hekayələrin əsas nəticəsi birdir: insanın tapıldığı yer onun gedəcəyi yolu müəyyən etmir. Bəzən cəmiyyətin “atılmış uşaq” adlandırdığı körpə, illər sonra başqalarının həyatını dəyişdirən şəxsə çevrilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar