Süni intellekt şirkətləri arasında maliyyə və investisiya uğrunda rəqabət getdikcə güclənir.
Lent.az xəbər verir ki, bunun son nümunələrindən biri “Claude” çat-botunun yaradıcısı “Anthropic” şirkətidir.
Şirkətin illik gəlir göstəricisi iyulun sonunda 65 milyard dolları keçib. Bu rəqəm may ayında 47 milyard, 2025-ci ilin sonunda isə təxminən 9 milyard dollar idi. Beləliklə, şirkət cəmi bir neçə ay ərzində gəlir göstəricisini dəfələrlə artırıb.
“Anthropic” hazırda səhmlərinin ilkin kütləvi təklifinə (IPO) hazırlaşır. Şirkətin 2028-ci il üçün gəlir proqnozunun 190-200 milyard dollar olduğu bildirilir. Bu göstəricilər şirkətin mümkün IPO-sunun tarixdə ən böyük texnologiya şirkəti debütlərindən birinə çevrilə biləcəyi ehtimalını artırır.
Şirkətin maliyyələşdirilməsi üçün bankların da böyük rəqabət apardığı bildirilir. “Anthropic”in IPO-dan əvvəl 10 milyard dollardan artıq kredit xətti əldə etməyə hazırlaşdığı barədə məlumat yayılıb.
Bu proses “Anthropic”, “OpenAI” və digər süni intellekt şirkətləri arasında həm investorların, həm də bazarın diqqətini cəlb etmək uğrunda mübarizənin daha da kəskinləşdiyini göstərir.