Bir çox noutbuk sahibləri cihazlarını tam olaraq 100%-ə qədər doldurur, lakin mütəxəssislər bu vərdişin batareyanın sağlamlığına zərər verdiyini bildirirlər. Ekspertlərin izahına görə, batareyalar üçün tam dolma rejimi əlverişli deyil. 100%-lik şarj batareya elementlərinə artıq yük salır, daxildəki kimyəvi prosesləri sürətləndirir və nəticədə akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər batareya səviyyəsini 20%-80% aralığında saxlamağı məsləhət görür.
İstifadə zamanı cihazı daim şəbəkəyə qoşulu saxlamaq da tövsiyə edilmir. Şarjın 0%-ə qədər enməsinə imkan vermək olmaz. Ən yaxşısı noutbuku 80-90%-ə qədər doldurub, sonra şəbəkədən ayırmaq və səviyyənin 20-30%-ə enməsinə icazə verməkdir.Bəzi noutbuklarda şarj optimizasiyası funksiyası mövcuddur. Bu funksiya səviyyə 80%-ə çatdıqda avtomatik olaraq doldurmanı dayandırır. Mütəxəssislərin fikrincə, bu üsul batareyanın xidmət müddətini əhəmiyyətli dərəcədə uzada bilər.