Beynəlxalq bazar araşdırması şirkəti IDC-nin məlumatına görə, 2026-cı ilin üçüncü rübündə dünya üzrə kompüter tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq 62,7 milyon ədədə düşüb.
Lent.az xəbər verir ki, qiymət artımları, təchizat məhdudiyyətləri və süni intellekt məlumat mərkəzlərinin yaratdığı xərc təzyiqi kompüter bazarına mənfi təsir göstərib.
Dünya bazarında ən çox kompüter satan markaların siyahısına Lenovo başçılıq edir. Şirkət rüb ərzində 14,9 milyon kompüter tədarük edərək bazarın 23,8 faizini tutub.
Beləliklə şirkətlərin bazar payları aşağıdakı kimidir:
1. Lenovo: 14,9 milyon ədəd — 23,8% bazar payı
2. HP: 10,3 milyon ədəd — təxminən 16,5% bazar payı
3. Dell: 7,6 milyon ədəd — təxminən 12,1% bazar payı
4. “Apple”: 5,9 milyon ədəd — təxminən 9,5% bazar payı
5. Asus: 5,5 milyon ədəd — təxminən 8,7% bazar payı
HP ilk beşlikdə satışları ən çox azalan istehsalçı olub. Şirkətin göstəricisi illik müqayisədə 30,9 faiz geriləyib. “Apple” və Asus isə ümumi satışları azalsa da, bazar paylarını artırmağa nail olublar.
Mütəxəssislər kompüter qiymətlərinin 2026-cı ilin qalan hissəsində və 2027-ci ildə də yüksək səviyyədə qalacağını gözləyirlər.
Anbarlarda ehtiyatların çox olması müəyyən endirimlərə şərait yarada bilsə də, yaxın müddətdə qiymətlərin davamlı şəkildə ucuzlaşacağı proqnozlaşdırılmır.