Space telekanalının aparıcısı Zamirə Dadaşova ana olaraq başına gətirilənləri açıqlamaqla cəmiyyətdə belə halların təkrarlanmasının qarşısını almaq istəyir.
Xanım aparıcı Milli.Az-ın əməkdaşı ilə söhbətində bildirib ki, başına gətirilənlərdən danışmaq ağır olsa da, susa bilmir: “Bir aparıcı olaraq 18 ildir ki, müxtəlif insanlarla, fərqli taleli olaylar yaşamışlarla təmasda olmuşam. Həyatın mənə vurduğu böyük bir ailə faciəsi yaşamışam. Altı ailə üzvümü - anamı, qardaşımı, bacımı və 3 bacım uşağını baş verən avtomobil qəzasında itirmişəm. Bu acılara dözmüşəm, amma hazırda yeni bir qeyri-insani, insanlığa sığmayan hərəkətlərlə qarşı-qarşıyayam. Çünki yaşadıqlarım nəinki mənim dünyasını dəyişən övladıma, həm də anasız qala biləcək iki oğluma qarşı edilənlərdir”.
Z.Dadaşova qeyd edir ki, 3-cü hamiləliyi ilə əlaqədar 2011-ci ilin fevralında Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında hamiləliyinin 14-cü həftəliyində qeydiyyata götürülüb. Həkim Sona Aslanova analizlər əsasında hec bir problemin olmadığını bildirib: "Ürək bulanması, yüksək təzyiq, qasıq nahiyəmdə ağrılarım olsa da, bunları sahə həkimi hamilələliyin fizioloji amili hesab edib. Bu ağrılarla hamiləliyin 7-ci ayında, mayın 31- də Sona Aslanova yenidən USM müayinəsinə baxaraq heç bir problemin olmadığını, ağrıların təbii olduğunu dedi".
Ertəsi gün Z.Dadaşova dəhşətli ağrılarla Respublika Perinatal Mərkəzə müraciət edib. Orada götürülən analizlərdən sonra anaya “HELP” sindromu, preaklampsiya diaqnozu qoyulur. Perinatal Mərkəzdə doğuşdan sonra ölümcül vəziyyətdə olan aparıcı 8 gün reanimasiyada yatandan sonra Gömrük Hospitalına köçürülür. Bu günə kimi də həmin klinikada vaxtaşırı müayinə olunur.
Başına gələnlərlə bağlı Z.Dadaşovanın ümidlərini Yasamal rayon Məhkəməsi puça çıxarıb. Aparıcının sözlərinə görə, məhkəmənin ədalətli olacağına inanıb: “Tibbi ekspertizanın "düzgün müayinələr aparılmış olsaydı, uşaq ölümü olmazdı" ifadəsinə, övladını itirən ananın bundan sonra ana ola bilməyəcək faktına və bütün bu hadisələrin mənim psixoloji durumuma təsirini nəzərə alsaq, məhkəmənin qərarını anlaya bilmirəm. Cünki yaşadıqlarım nəinki mənim dünyasını dəyişən övladıma, həm də anasız qala biləcək iki oğluma qarşı edilənlərdir. İki ay bundan əvvəl məhkəmənin qərarı elan olunsa da, bu günə qədər qərarı ala bilmirəm”.
Yasaml rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov Milli.Az-a açqılamasında bildirib ki, Zamirə Dadaşovaya məhkəmə qətnaməsindən apellyasiya instansiyasına müraciət etməsini iziah edib: “Kimin xoşuna gəmirsə, yuxarı instansiyaya şikayət edə bilər. Hesab etdim ki, belə qərar qəbul etmək lazımdır. Mən o, xanıma çox kömək etmək istədim, alınmadı”.