Şirvan Milli Parkı xüsusi nəzarətə götürülüb – RƏSMİ
28 iyun 2013 10:43 (UTC +04:00)

Şirvan Milli Parkı xüsusi nəzarətə götürülüb – RƏSMİ

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şirvan Milli Parkında yeni yanğın təhlükəsi ilə bağlı əraziləri nəzarətə götürüb, növbə çəkirlər”.

 

Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Sədaqət Məmmədova söyləyib.

 

Sədaqət Məmmədova deyib ki, sönən yerlərə yenidən baxış keçirilir: “Hazırda Şirvan Milli Parkına dəyən ziyanın həcmi dəqiqləşdirilir. Biz dünən əraziyə baxış keçirdik, Şirvan Milli Parkı ərazisində yaşayan ceyranların və digər heyvanların yanğından zərər çəkməsi faktına rast gəlmədik. Ancaq bu gün də əraziyə baxış davam edəcək, ola bilər ki, belə hala rast gəlinsin”.

 

Sədaqət Məmmədova əhalini ehtiyatlı olmağa çağırıb: “Əhalini təbiətimizi qorumağa çağırırıq. İnsanlarımız meşə, qoruq ərazilərinə siqaret kötüklərini atmasınlar, odla ehtiyatlı olsunlar”.

 

Qeyd edək ki, dünən saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib. Yanğın yaxınlıqdan keçən “Salyan OİL” şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir. Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar. Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsinə vertolyotları da cəlb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986
avatar

Oxşar yazılar