Şəkidə penitensiar kompleks istifadəyə verilib
29 iyul 2013 15:27 (UTC +04:00)

Şəkidə penitensiar kompleks istifadəyə verilib

İyulun 29-da Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, ombudsman Elmira Süleymanova, yerli məhkəmə, hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri, ədliyyə işçiləri, millət vəkilləri, Əfv Komissiyasının, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-in və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Tədbir zamanı müəssisə ilə tanışlıq olub, təqsirləndirilən şəxslər və məhkumlar üçün yaradılmış müasir şərait yüksək qiymətləndirilib. Tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir.

 

Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılmış, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunub. Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunub. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılmış, su anbarları, nasosxana qurulub.

 

Səfər çərçivəsində nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olub, lazımi tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar