Bu gün “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) inteqrasiya qrupunun iclası keçirilib.
“APA-Economics” xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri, BEGOC-un baş icraçı direktoru Azad Rəhimovun rəhbərliyi ilə təşkil olunan tədbirdə bir sıra məsələlər müzakirə edilib və yarışlara hazırlıqla bağlı son məlumatlar verilib.
İclasda nəqliyyat sahəsində yeniliklər, nəqliyyatın əsas istiqamətləri, oyunların əsas marşrut şəbəkəsi barədə danışılıb.
BEGOC-un nümayəndəsi Panos Protopsalitis bildirib ki, Avropa Oyunlarının seçilmiş xüsusi marşrut yollarında yalnız Avropa Oyunları iştirakçılarının istifadəsi üçün nəzərdə tutulan xüsusi zolaqlar ayrılacaq. Bu zolaqlar mayın sonunda hazır olacaq. Digər nəqliyyat vasitələri üçün bu zolaqlardan istifadə qadağandır.
“Bu baxımdan paytaxt metrosu hamı üçün yeganə nəqliyyat vasitəsi olacaq. Üzərində yarışın emblemi olacaq bu zolaqların çəkilməsinə sabahdan başlanacaq. Vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunacaq”, - deyə o bildirib.
BEGOC rəsmisi qeyd edib ki, nəqliyyat vasitələrinin parklanmasına da xüsusi nəzarət ediləcək. Onun sözlərinə görə, may ayının əvvəlindən etibarən iş vaxtının mərhələli qrafikə keçirilməsi tıxacların aradan qaldırılmasına kömək olacaq.
“İritutumlu nəqliyyat vasitələri yalnız gecə şəhərə buraxılacaq. Nəqliyyat vasitələrinin üzərində xüsusi buraxılış vəsiqələri olacaq. Bu, taksilərə də aid ediləcək”, - deyə o bildirib.
“Metro Avropa Oyunlarının keçiriləcəyi bütün obyektlərə getmir. Bunun üçün 8 metro stansiyası yaxınlığında xüsusi mərkəz qurulacaq və burada ekspress avtobuslar işləyəcəklər ki, onlar azarkeşləri xüsusi zolaqları vasitəsi ilə maneəsiz obyektlərə aparsın”, - deyə o bildirib.
Yunan mütəxəssis deyib ki, müəyyən olunmuş ərazilərə yalnız VAPP-a (xüsusi buraxılış) malik olan nəqliyyat vasitələri (BEGOC-un nəqliyyat vasitələri və Dövlət Yol Polisi) daxil olub, park edə bilərlər.
Parkinqə nəzarət zonalarına bütün nəqliyyat vasitələri buraxılış vərəqələri olmadan daxil olub, keçə bilər (parkinq qadağandır).
“Yalnız buraxılış vərəqəsinə malik olan nəqliyyat vasitələri ictimai yolların qanuni parkinq yerlərində parkinq edə bilərlər”, - deyə o izah edib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov çıxışdan bildirib ki, rabitə sahəsi ilə bağlı işlər yüksək səviyyədədir.
O bildirib ki, bir çox işlər “bir düyməni basmaqla həll olunacaq”.
Nazir müavininin sözlərinə görə, artıq kabelləşmə işləri də yekunlaşıb.
Məmmədov qeyd edib ki, I Avropa oyunları ilə bağlı xüsusi markalar da hazırlanıb: “Nazirlik tərəfindən xüsusi markalar hazırlanıb. Bu gün markalar dövriyyəyə buraxılır. Bu markalarda bütün idman növləri nəzərə alınıb. Artıq poçt şöbələrindən bu markaları əldə etmək olar”.
Markaların qiyməti 20 qəpik təşkil edir.