“Olimpiya Kompleksi, xəstəxana, içməli su layihəsi – bütün bunlar sosial yönümlü layihələrdir, insanların sağlamlığı üçün icra edilir, vəsait ayrılır”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Saatlı rayonuna səfərində Olimpiya İdman Kompleksinin açılışında bildirib.
Prezidentin sözlərinə görə, Dövlət İnvestisiya Proqramında bölgələrdə sakinlərin rahat yaşaması üçün vəsait nəzərdə tutulur və bütün işlər ən yüksək standartlarda görülməlidir: “Saatlıda qazlaşdırma layihəsi daha sürətlə icra edilməlidir. Əfsuslar olsun ki, şəhər hələ tam şəkildə qazlaşdırılmayıb. Bu, dözülməz bir haldır. İndi bizim əksər şəhərlərimizdə qazlaşdırma yüz faiz təmin edilib. Tezliklə müvafiq qurumlar Saatlıda qazlaşdırma işlərini həll etməlidirlər. İlk növbədə, şəhər tam şəkildə qazlaşdırılmalıdır və Saatlının bütün kəndlərinə təbii qaz xətləri çəkilməlidir. Bu göstəriş verilib və hesab edirəm ki, bu sözlərdən sonra müvafiq qurumlar bu işə daha da böyük məsuliyyətlə yanaşacaqlar, əsassız yubanmalara yol verilməyəcək”.
Dövlət başçısının sözlərinə görə, bütün infrastruktur layihələrinin icrası nəticəsində tam yeni bir dövr başlanacaq. “İnsanların rahatlığı, iş yerlərinin yaradılması üçün bütün lazımi addımlar atılır. Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Bir sözlə, hər rayon üzrə konkret tədbirlər planı var”-deyə, prezident əlavə edib.