Ombudsman əməkdaşları narazı məhkumla görüşüb
10 iyul 2014 12:06 (UTC +04:00)

Ombudsman əməkdaşları narazı məhkumla görüşüb

İnsan Hüquqları üzrə Müvəkkilinin İşgəncələrlə bağlı qaynar xəttinə daxil olmuş müraciətin araşdırılması ilə əlaqədar Aparatın əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində olub, məhkum S.Z. ilə görüşüblər. Lent.az-ın məlumatına görə, görüş zamanı məhkum cərimə təcridxanasına keçirilməsi ilə bağlı müəssisə rəisinin qərarından narazı olduğunu bildirib.

Araşdırma zamanı məhkumun daxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün 15 gün müddətinə cərimə təcridxanasına keçirildiyi məlum olub.

Qəbul zamanı məhkum hazırda müəssisədə ona münasibətdə hər hansı işgəncə və digər qəddar rəftar hallarına yol verilmədiyini, lakin azadlıqdan məhrum edilməsinə dair məhkəmə qərarlarından narazı olduğunu qeyd edib.

 

 Görüş zamanı məhkuma onun hüquqları və Ombudsmanın səlahiyyətləri barədə müvafiq izahat verilmiş, cərimə təcridxanasına keçirilməsinə dair qərardan narazı olduğu təqdirdə, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilib.

Başçəkmənin sonunda müəssisə rəhbərliyinə saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

# 613

Oxşar yazılar