Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti iş axtaran vətəndaşların sosial müdafiəsinin, onların işlə təminatının gücləndirilməsi istiqamətində bir sıra işlər görür. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə tədbirlərdən biri də ənənəvi olaraq hər il məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında ali təhsil müəssisələrində keçirilən yarmarkalardır.
Növbəti belə tədbir bu gün «Odlar Yurdu» Universitetində keçirilib. Tədbirdə 13-ü dövlət, 70-i özəl sektor, 4-ü xarici şirkət olmaqla 87 müəssisə tərəfindən 942 boş (vakant) iş yeri təqdim edilib.
Hər il belə tədbirlər nəticəsində 600-700 gənc münasib iş yerləri ilə təmin olunur.
Qeyd edək ki, növbəti tədbir iyunun 19-da Lənkəran Dövlət Universitetində keçiriləcək.