Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkə prezidentinin ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqların icrasına həsr olunmuş müşavirə keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Nazirliyin struktur bölmələrinin, tabeli qurumlarının rəhbərlərinin və mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirəni nazir Hüseynqulu Bağırov giriş sözü ilə açaraq 2013-cü ildə əldə edilmiş nailiyyətlər və qarşıda duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə daha da ciddi tədbirlərin görülməsi, havanı çirkləndirən amillərin bir daha təftiş edilməsi və bu amillərə qarşı kəskin mübarizə aparılması, yüksək avro standartına keçidin sürətləndirilməsi, müəssisələrdə ekoloji tədbirlərin görülməsi, ekoloji standartlara və texniki şərtlərə uyğun olmayan maşınların idxalının dayandırılması, havanı çirkləndirən müəssisələrin siyahısının təqdim edilməsi, orada ciddi yoxlamaların aparılması və tədbirlərin görülməsi, təmizləyici qurğuları olmayan müəssisələrin bağlanması, Böyük Şor gölündə ekoloji tədbirlərin görülməsi, bütün göllərin təmizlənməsi üzrə xüsusi proqramın qəbul edilməsi və s. barədə mühüm tapşırıqlar verib.
Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların aidiyyəti üzrə icrası ilə bağlı keçirilən geniş müşavirədə nazirliyin bu istiqamətdə 2014-cü ildə qarşıda duran prioritetləri müzakirə olunub, müvafiq qurumların təklifləri dinlənilib.
Müşavirədə dövlət başçısının Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün həyata keçirilməsi zəruri olan konkret sahələr üzrə nazirliyin görəcəyi işlər müəyyənləşdirilib, bu istiqamətdə daha ciddi tədbirlərin görülməsi üçün nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlarına konkret tapşırıqlar verilib.
Müşavirənin sonunda prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və vaxtında icrasının təmin edilməsi məqsədilə xüsusi komissiya yaradılıb, müzakirə olunmuş Tədbirlər Planının daha da təkmilləşdirilməsi tapşırılıb və bir neçə istiqamətdə Dövlət Proqramlarının hazırlanması üçün İşçi Qruplar yaradılıb.