Təhsil Nazirliyi müəllimlərlə bağlı başlanılan islahatın davamını təmin etmək üçün Nazirlər Kabinetinə təkliflər təqdim edib. Hazırda region müəllimlərinin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə hökumət tərəfindən baxılır. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.
Nazir həmçinin azərbaycanlı gəncləri xaricdə təhsilə cəlb edən müəyyən şirkətlərlə bağlı da açıqlama verib: “Bir müddət öncə Təhsil Nazirliyinin yaydığı açıqlama Azərbaycanda fəaliyyət göstərən və pullu xidmət kimi xaricdə təhsili təklif edən şirkətlərlə bağlıdır. Açıqlamanın məqsədi ondan ibarət idi ki, 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramına qəbul aparmaq üçün Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq həyata keçirmir. Çünki bəzi hallarda sui-istifadə hallarına yol verilir, bəzi qurumlar və şəxslər bunu fərdi şəkildə təklif edir. Bu baxımdan biz faydalı hesab etdik ki, vətəndaşların diqqətinə bu məsələni çatdıraq”.