TQDK iyunun 9-da miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Lent. az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 287 nəfərin namizədliyi qeydə alınıb. Sənədlərini təqdim etmiş namizədlər “imtahana buraxılış vərəqəsi”ni iyun ayının 4-dən Dövlət Miqrasiya Xidmətindən ala bilərlər.
Test imtahanı Bakı Qızlar Universitetinin binasında olacaq. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.
İmtahan 3 saat davam edəcək. Hər sual bir balla qiymətləndiriləcək. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.