Qədim Misirin ən sirli qadınlarından biri olan Meritneytin təxminən 5 min il əvvəl ölkəni tamhüquqlu hökmdar kimi idarə etmiş ola biləcəyinə dair yeni dəlillər aşkarlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, arxeoloq Syu Kelli və rəqəmsal arxeologiya üzrə mütəxəssis Kristal Miller 1946-cı ildə Sakkara nekropolunda tapılmış möhür izlərinin köhnə fotosunu yenidən araşdırıblar.
Tapıntıların bir hissəsinin orijinalları hazırda əlçatan olmadığından alimlər rəqəmsal emal üsullarından istifadə edərək fotonun kontrastını artırıb, heroqlifləri ayırıb və detallı rekonstruksiya hazırlayıblar.
Araşdırma nəticəsində Meritneytin adının “serekh” adlanan xüsusi çərçivənin daxilində yazıldığı daha aydın görünür. Qədim Misirdə belə çərçivələr hökmdarların adlarını göstərmək üçün istifadə olunurdu.
Tədqiqatçılar bunu Meritneytin kral statusuna malik ola biləcəyini göstərən mühüm dəlillərdən biri hesab edirlər. Alimlər bununla belə, məsələnin hələ tam həll olunmadığını və mövcud arxeoloji sübutların fərqli şəkildə şərh edilə biləcəyini bildirirlər. Əgər sonrakı araşdırmalar bu ehtimalı təsdiqləsə, Meritneyt tarixdə dövlətə monarx kimi rəhbərlik etmiş ən qədim qadın hökmdarlardan biri sayıla bilər.
Meritneyt təxminən 5 min il əvvəl, Qədim Misirin Birinci sülaləsi dövründə yaşayıb. Onun statusu uzun müddətdir müzakirə mövzusudur. Müxtəlif dövrlərdə onun hökmdarın həyat yoldaşı və ya ölkəni faktiki idarə edən şəxs olduğu irəli sürülüb.
Meritneytin yüksək mövqeyə malik olduğunu göstərən başqa arxeoloji tapıntılar da var. Onun Abidosdakı kral nekropolunda monumental məzarı yerləşir.
Məzarın ətrafında xidmətçilərə və saray əyanlarına aid onlarla qəbir aşkarlanıb. Tədqiqatçıların ehtimalına görə, Meritneytin siyasi fəaliyyəti ən azı 30 il davam etmiş ola bilər.