ABŞ-ın The Beach Boys qrupunun 1966-cı ildə təqdim etdiyi “God only knows” mahnısı bütün dövrlərin ən yaxşı pop kompozisiyası seçilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnı "Collider" nəşrinin tarixdə ən yaxşı 25 pop mahnısından ibarət reytinqində birinci yeri tutub.
“God only knows” The Beach Boys qrupunun 11-ci studiya albomu olan “Pet Sounds”a daxil edilib. Mahnının müəllifləri Brayan Uilson və Toni Aşerdir.
"Collider" mahnının ən diqqətçəkən xüsusiyyətlərindən biri kimi onun mətnini göstərib. Bir çox romantik mahnıdan fərqli olaraq, “God only knows” sevgini idealizə etmir və münasibətlərin bir gün sona çata biləcəyi ehtimalını da açıq şəkildə ifadə edir. Reytinq müəlliflərinin fikrincə, məhz bu səmimilik və münasibətlərə daha realist yanaşma mahnını pop musiqi tarixində xüsusi yerə çıxarıb.
Mahnının yaranma tarixçəsi də kifayət qədər maraqlıdır. Brayan Uilson müsahibələrinin birində bildirib ki, o və Toni Aşer mahnı üzərində təxminən bir saat işləyiblər. Musiqiçilər qısa müddətdə yaratdıqları kompozisiyanın xüsusi bir əsər olduğunu anlayıblar. Brayan Uilson sonralar mahnının ilk misrasını xüsusilə güclü hesab etdiyini deyib.
“God only knows” 1966-cı ilin sentyabrında ABŞ-ın Billboard Hot 100 siyahısında 39-cu pilləyə yüksəlib. İllər keçdikcə mahnı The Beach Boys-un ən təsirli əsərlərindən biri hesab olunmağa başlayıb və pop musiqisinin klassik nümunələri sırasında yer alıb.