Bu gün Ramazan bayramıdır. Lent.az-ın məlumatına görə, müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib.
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir.
Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular.
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qeyd edək ki, Azərbaycan məscidlərində bu gün səhər 09:00-da bayram namazı qılınıb.
Lent.az bütün müsəlmanları bayram münasibəti ilə təbrik edir.