Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə “TikTok” və digər sosial şəbəkələrdə özünü “Hüquq mərkəzi” adı altında vəkil kimi təqdim edərək vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Səbiyyə Panəliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edib.
Zərərçəkən D.G bildirib ki, Səbiyyə Panəliyeva özünü beynəlxalq səviyyədə tanınan “Hüquq mərkəzi”nin direktoru və Lomonosov adına universitetin hüquq fakültəsinin məzunu kimi təqdim edib.
Onun sözlərinə görə, müqavilə bağladıqdan sonra müxtəlif bəhanələrlə əlavə pullar tələb olunub:
“Məni elə inandırmışdı ki, hissə-hissə 13 min 658 manatı məndən necə aldığından ruhum da xəbər tutmadı. Hazırda 5 min 658 manatını qaytarıb. Şikayətçiyəm. Pulumu versin, çıxsın. Cavan qadındır, həbsdə qalmasını istəmirəm”.
Digər zərərçəkən M.P isə 25 min manatlıq başqa dələduzluq işi ilə bağlı hüquqşünas axtararkən Səbiyyə Panəliyevanı tapdığını deyib.
Zərərçəkənin sözlərinə görə, Panəliyeva başqa bir şəxsin 47 min manatını geri qaytardığını deyərək onun etimadını qazanıb. Daha sonra müxtəlif bəhanələrlə ondan pul alıb:
“Məni əmin etdi ki, axşama ziyana düşdüyüm pulun 7 min manatını geri alacaq. Axşamdan neçə axşam keçdi, amma ortada heç bir icraat olmadı. Bir ucdan pul istəyirdi. Sonra isə məni təhqir edib hədələməyə başladı”.
M.P bildirib ki, ona 10 min manatdan artıq maddi ziyan dəyib və növbəti məhkəmə iclasında mülki iddia təqdim edəcək.
Şahid Ş.A isə Səbiyyə Panəliyevanı 2024-cü ildə tanıdığını deyib. Onun sözlərinə görə, qonşusundan 80 min 100 manatlıq borcunu almaq üçün kömək istəyib və Panəliyevaya ümumilikdə 4 min 500 manat ödəyib.
Şahid bildirib ki, bir müddət sonra təqsirləndirilən şəxs telefonlarını söndürərək zənglərə cavab verməyib.
Növbəti məhkəmə prosesi oktyabrın 20-si saat 17:00-a təyin olunub.
Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri zamanı sosial mediada özünü hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 nəfərin ümumilikdə 449 min 916 manatını ələ keçirdiyinə görə Cinayət Məcələsinin 178.3.2 maddəsi (külli miqdarda dələduzluq) təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı vurulan maddi ziyanın 381 min 529 manatının ödənilməsi təmin olunub.