Qrip mövsümü   başladı - Bu şəxslər vaksin vurdura bilməz
06 oktyabr 2026 14:05 (UTC +04:00)

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

0

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yollarına yönəldib. Xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəliyi olan şəxslərin sağlamlığının qorunması bu dövrdə daha çox əhəmiyyət daşıyır. Belə bir vaxtda qrip peyvəndinin nə zaman vurulması, kimlərə tövsiyə edilməsi və mümkün yan təsirləri ilə bağlı suallar yaranır.

Bu dövrdə qrip vaksini vurdurmaq olarmı? Həmin vaksin ödənişlidirmi? Kimlərə vaksin vurdurmaq qadağandır? Onun hansı əks-təsirləri var?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, peyvənd üçün ən optimal dövr qrip mövsümü başlamazdan əvvəldir:

“Qrip peyvəndi (vaksini) hər il mövsümi qrip epidemiyalarından qorunmaq üçün ən effektiv vasitələrdən biri hesab olunur. Peyvənd üçün ən optimal dövr qrip mövsümü başlamazdan əvvəldir. Peyvəndi noyabr, dekabr, hətta yanvar və fevral aylarında da vurdurmaq olar. Qrip virusları yaz aylarına, adətən aprel-may aylarınadək dövr etdiyi üçün mövsüm ərzində peyvənd olunmaq müəyyən qoruyuculuq təmin edir. Vaksindən sonra orqanizmdə immunitetin, yəni anticisimlərin formalaşması təxminən 2 həftə çəkir.

Azərbaycanda mövsümi qrip peyvəndi həm dövlət, həm də özəl tibb müəssisələrində vurulur. Səhiyyə Nazirliyi tərəfindən hər il payız mövsümündə qripin A və B tiplərinə qarşı vaksinlər ölkəyə gətirilir. Qripə qarşı vaksinasiya dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir və vətəndaşlar yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Özəl tibb müəssisələrində vaksinasiya ödənişli ola bilər”.

Həkim qeyd edib ki, yüksək hərarət zamanı vaksinasiya təxirə salınır:

“Qrip peyvəndinin tərkib hissələrindən hər hansı birinə və ya əvvəlki dozasına qarşı anafilaksiya, yəni ağır allergik reaksiya keçirmiş şəxslərə, həmçinin 6 aydan kiçik uşaqlara qrip peyvəndi vurulmur. Kəskin xəstəlik, yəni yüksək hərarət, kəskin respirator virus infeksiyası və ya xroniki xəstəliyin kəskinləşməsi zamanı vaksinasiya təxirə salınır və şəxs sağaldıqdan sonra həyata keçirilir.

Müasir qrip vaksinlərinin böyük əksəriyyəti yumurta allergiyası olan şəxslərə də təhlükəsiz şəkildə tətbiq edilə bilər. Lakin əvvəllər ağır allergik reaksiya keçirmiş şəxslər peyvənddən əvvəl bu barədə həkimə məlumat verməlidirlər.

Qrip vaksinləri canlı virus saxlamır, əksəriyyəti inaktivləşdirilmiş vaksinlərdir. Buna görə də peyvənd insanın qripə yoluxmasına səbəb ola bilməz.

Yarana biləcək yan təsirlər adətən yüngül və müvəqqəti olur və 1-3 gün ərzində öz-özünə keçir. İynə vurulan nahiyədə ağrı, qızartı və ya cüzi şişkinlik, həmçinin bədən hərarətinin yüngül yüksəlməsi, halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma və yorğunluq hissi müşahidə oluna bilər.

Nəfəs darlığı, üz və boğazda şişkinlik, geniş yayılmış səpgi, huşun itməsi və ya yüksək hərarət yaranarsa, təcili tibbi yardıma müraciət edilməlidir. Bu hallar nadir olsa da, vaxtında tibbi qiymətləndirmə tələb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar