Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub.
Avropanın “Ryanair” aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uzaq durmaq məsləhət görülür. Səbəb isə bu rənglərin çox populyar olması və hava limanında başqa sərnişinin çamadanını səhvən götürmək ehtimalının artmasıdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uzun uçuşdan sonra sərnişinlər yorğun ola və baqaj lentindən özlərinə aid olmayan çamadanı götürdüklərini dərhal fərq etməyə bilərlər. Xüsusilə baqaj lentində eyni anda bir-birinə çox bənzəyən bir neçə tünd rəngli çamadan olduqda səhv etmək daha asandır.
“Ryanair” buna görə sərnişinlərə baqajlarını daha asan seçilən hala gətirməyi məsləhət görür. Bunun üçün mütləq parlaq rəngli yeni çamadan almağa ehtiyac yoxdur. Adi qara, boz və ya tünd göy çamadanı rəngli kəmər, stiker, çamadan örtüyü və ya uzaqdan nəzərə çarpan başqa bir detal vasitəsilə fərqləndirmək mümkündür.
Baqajı qorumağın başqa bir üsulu isə çamadanın içərisinə “AirTag” və ya digər izləmə cihazı yerləşdirməkdir. Belə qurğular baqaj daşınma zamanı itərsə və ya hava limanında başqa bir sərnişin onu səhvən götürərsə, çamadanın yerini müəyyənləşdirməyə kömək edə bilər.
Səyahətçilərə əlaqə məlumatlarının bir nüsxəsini çamadanın içərisində saxlamaq da tövsiyə olunur. Xarici baqaj birkası daşınma zamanı qoparsa və ya itərsə, çamadanın içindəki məlumat onun sahibinin müəyyən edilməsini asanlaşdıra bilər.