“Müəllimlər informasiya müharibəsi gedən dünyada ön cərgədədirlər”. Lent.az-ın məlumatına görə, bunu bu gün keçirilən Azərbaycan Müəllimlərinin XIV qurultayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
TQDK sədri bildirib ki, həm orta, həm də ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl aparılmalıdır: “21-ci əsrin öz tələbləri var, yeni texnologiyalar cəmiyyətin həyatını dəyişir. Beynəlxalq elmi dairələr 21-ci əsrdə inkişaf üçün mürəkkəb problemlərə effektiv cavab vermək, məlumatı dinamik idarə etmə, komandada işləmək bacarığı, texnologiyadan effektiv istifadə və davamlı bilik yaratmanı əsas sayırlar”.
M. Abbaszadə Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas məqsədinin biliklərə əsaslanan cəmiyyət qurmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə müəllimlərin üzərinə böyük iş düşür, müəllim zamanın nəbzini tutmaq üçün daim üzərində çalışmalıdır: “Təhsil sahəsində yeniliklər baş verdikcə qiymətləndirmə də dəyişikliklərə məruz qalır. 21-ci əsrin bilik və bacarıqlarını qiymətləndirmək çətindir, biz bu istiqamətdə çalışırıq. Minlərlə ali, orta məktəb müəllimi, AMEA bu sahədə TQDK ilə birgə çalışır. Ancaq bu sahədə bu gün ciddi bir problem var. Müasir dövrdə təhsildə qiymətləndirmə metodları fərqlidir, ancaq pedaqoji institutlarda bu sahədə tədris aparılmır. Pedaqoji institutlarda müasir qiymətləndirmə kursları yaradılmalıdır”.
M. Abbaszadə bildirib ki, hər bir şagirdə, tələbəyə fərdi yanaşma olmalıdır. O qeyd edib, TQDK-da regionun, məktəbin qiymətləndirilməsi aparılır.