Ötən ayın 11-dən Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq olunan bu xidmət pensiya yaşına çatmış hər bir vətəndaşa sənəd toplamadan və vaxt itirmədən “190-0 Cağrı Mərkəzi” nə zəng edərək, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir.
İyulun 31-nə olan statistikaya əsasən, ötən ayın 20 günü ərzində DSMF-nin “190-0 Cağrı Mərkəzi”nə 401 müraciət daxil olub. Müraciət edən vətəndaşlardan 82 nəfərinə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 31-i Bakı şəhərində, 51-i isə bölgələrdə yaşayan vətəndaşlar olub. Avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği, eyni zamanda öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı bildirilib.
Digər müracət edənlərin əksəriyyəti 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etməmələri səbəbindən onlara avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb.
Fondun məlumatında qeyd olunub ki, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks edilməsində xüsusi maraqlı olmalı, həmçinin fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. DSMF bir daha vətəndaşlardan özlərinin 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etmələrini xahiş edir: “Bu prosesdə aktiv iştirak etməyiniz sizin rahatlığınızı təmin edəcək və gələcəkdə sizin hər birinizə evinizdən kənara çıxmadan, şəffaf şəkildə və pensiya hüququnuzu tam nəzərə alan əmək pensiyası təyin olunmasına imkan verəcək. Avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir”.