İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edərək, oktyabrın 9-da keçiriləcək prezident seçkisində ödənişli təşviqat aparmaq istədiyini rəsmiləşdirib. Lent.az-ın İTV-nin saytına istinadən verdiyi məlumata görə, müraciətə prezident seçkilərində seçkiqabağı ödənişli təşviqat materiallarının yerləşdirilməsinə görə ödənişin məbləği və şərtləri barədə məlumatlar da əlavə edilib.
Efir vaxtı televiziyada həftədə 180 dəqiqə olmaqla saat 11.50-dən 23.48-ə (11:50, 14:15, 16:48, 17:20, 19:56, 20:15, 23:48 - 7 gün), radioda həftədə 192 dəqiqə olmaqla saat 11:55-dən 22:50-dək (11:55, 14:55, 17:55, 18:51, 19:53, 20:50, 21:50, 22:50 - 6 gün) müəyyən edilib. Ödənişin məbləği və digər şərtlərlə İctimai Televiziya və Radio Yayımları Şirkətinin, eləcə də MSK-nın saytında tanış olmaq olar.
Qeydə alınmış namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı da ayıracaq. Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdır (3 saat televiziyada, 3 saat radioda).
Ödənişli və ödənişsiz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
Seçki qanunvericiliyinin tələblərinə görə, seçkiqabağı təşviqat sentyabrın 16-dan oktyabrın 8-i səhər saat 08.00-dək aparıla bilər.