İctimai Televiziya və Radio Yayımları Şurasının sentyabrın 3-də keçirilən toplantısında İTV-dəki kadr dəyişiklikləri rəsmən təsdiqlənib.
Televizyadan lent.az-a verilən xəbərə görə, öz ərizəsi ilə işdən gedən Oqtay Bayramovu bundan sonra baş direktor müavini vəzifəsində Şaiq Məmmədov əvəzləyəcək. O, bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Beynəlxalq Proqramlar redaksiyasının baş redaktoru, ingilis dilində "Həftə" analitik-informasiya proqramının müəllifi və aparıcısı olub.
İTV-nin Analitik Proqramlar departamentinin direktoru Anar Yusifoğlu da yazdığı ərizə əsasında tutduğu vəzifədən azad edilib. Kino və Dublyaj departamentinin direktoru Füzuli İsmayılov bundan sonra Analitik Proqramlar departamentinin rəhbəri işləyəcək.
İnformasiya Proqramları departamentinin direktoru vəzifəsinə 2005-ci ildən İctimai Televiziya və Radioda bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş Mehparə Quliyeva təyin edilib. Bu departamentə rəhbərlik etmiş İlham Sərxanlı isə öz ərizəsi ilə İctimai Radioya aparıcı vəzifəsinə keçirilib.