Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Lent.az president.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Dövlət başçısının digər bir sərəncamı ilə isə keçmiş iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iqtisadiyyat naziri təyin edilib.