Dekabrın 30-da İqtisad Universitetində (ADİU) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyası başlayıb.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrə uyğun olaraq, universitetdə keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub.
İmtahan sessiyasında tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə bütün tədris binalarında “Qərargah” yaradılıb.
İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin “Qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür.
Əlavə olaraq, tələbələr Elektron Apellyasiya Sistemi vasitəsilə də “online” formada müraciətlərini ünvanlaya biləcəklər.
Qeyd edək ki, imtahan sessiyası dövründə ADİU-nun rektoru hər həftənin şənbə günü “Açıq qapı” günü keçirəcək.
Qış imtahan sessiyası fevralın 1-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.