İlham Əliyev Qaxda bir sıra obyektlərin açılışında iştirak edib
17 avqust 2013 01:32 (UTC +04:00)

İlham Əliyev Qaxda bir sıra obyektlərin açılışında iştirak edib

 Avqustun 16-da Azərbaycan prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. APA-nın verdiyi məlumata görə, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilib. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilib, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılıb.

 

Olimpiya İdman Kompleksi ilə tanış olan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 

Dövlət başçısı Qaxa səfəri çərçivəsində həmçinin Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Prezidentinə məlumat verilib ki, Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanılıb. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünüb. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarla Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılıb. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilib.

 

Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcək. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib.

 

Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak edib. Diqqətə çatdırılıb ki, yeni layihəyə uyğun olaraq Qax şəhərində ilk dəfə kanalizasiya sistemi yaradılır. Bu məqsədlə 17 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib, 89,5 kilometrlik kanalizasiya şəbəkəsinin 35 kilometrlik hissəsində işlər başa çatdırılıb. Yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.

 

“Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 14 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, Qaxbaş və Qaxingiloy kəndlərində isə 7,5 min nəfərin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.

 

Prezident İlham Əliyev “Azərsu” ASC-nin əməkdaşları ilə və inşaatçılarla görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar