Hadi Rəcəbli Lent.az-a yazır: Sonradan fayda verməyən peşmanlıq
17 aprel 2013 19:30 (UTC +04:00)

Hadi Rəcəbli Lent.az-a yazır: Sonradan fayda verməyən peşmanlıq

Keçən il Azərbaycan yollarında 2882 yol qəzası baş verib. Nəticədə 1156 nəfər ölüb, 3117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu il də vəziyyət fərqli deyil. 2013-cü ilin yanvarın 1-dən martın 31-dək respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr zamanı 258 nəfər ölüb, 691 nəfər xəsarət alıb. Nə üçün bu mövzuya müraciət etməyi zəruri sayıram? Əgər 1 ildə orta hesabla 1000 nəfərdən çox insan yol qəzalarında həyatını itirirsə, ailə başçısı dünyasını dəyişirsə, uşaqlar kimsəsiz qalırsa, 3 min nəfərdən çox  insan şikəst olursa, dövlət müavinəti alırsa, əlbəttə, bu, Sosial siyasət komitəsinin siyasətçi kimi, vətəndaş kimi, valideyn kimi bilavasitə mənim və bizim hamımızın işidir. Biz bu gün hüquqi bazanın gücləndirilməsi, aparılan bütün proflaktik tədbirlər hesabına  bu arzuedilməz halların qarşısının alınmasına nail olmalıyıq. Prezident İlham Əliyevin dövlət quruculuğunda baş xətt həmişə səbəb və nəticə tandeminin tapılması və təhlilidir. Biz bu nəticənin qabağını almaq üçün səbəblə mübarizə aparmalıyıq. Səbəblə mübarizə aparmağın isə zaman-zaman forması dəyişib. Ancaq öncə qəzaların artmasına yol açan məqamlara toxunaq.

 

Yol terrorunun səbəbləri

 

Bir zamanlar Azərbaycanda orta sürət saatda 50-60 km idi, indi orta sürət 90-100 km-ə gəlib çatıb. Çünki nəqliyyat vasitələrinin keyfiyyəti yüksəlib, daha böyük sürətli nəqliyyat vasitələri ortaya çıxıb və müasir standartlara cavab verən yollar salınıb. Bütün bunlar insanların avtomobilləri böyük sürətlə idarə etməsinə şərait yaradır.  Sürətin artması səbəbindən də ciddi qəzalar ölümlə nəticələnir.

 

Biz burada bir neçə istiqamətdə iş aparmalıyıq. Birinci və başlıca məsələ sürücülük vəsiqəsinin alınmasına diqqətin artırılmasıdır. Sürücülük vəsiqəsini əlinə alan şəxs kimdir, avtomobili idarə edə bilirmi, səriştəsi necədir? Sürücülük mədəniyyəti varmı? Qaydalardan xəbərdardırmı? Bu məsələdə ciddi tələbkarlıq olmalıdır. Son vaxtlar Dövlət Yol Polisi (DYP) bu məsələyə xüsusi diqqət yetirir. Baxmayaraq ki, eyni zamanda sürücülük vəsiqəsinin alınmasında asanlaşdırma prosesi gedir. Bu gün sürücülük kursunda oxumadan da imtahan verərək sürücülük vəsiqəsi almaq olar. Amma imtahanlar kəskin, ciddi olmalıdır. Sürücülük vəsiqəsi ala bilən adam həm qaydaları yaxşı bilməli, həm də vərdişlərə yiyələnməlidir.

 

Bu gün sərnişin daşıyan avtobuslarla qəza xəbərlərini tez-tez eşidirik. Bunun səbəblərinə gəlincə, aşağı dərəcəli sürücüləri, bəzən də sürücülük vəsiqəsi heç olmayanları belə işə götürürlər. Sürücülərin içərisində də etik normalara əməl etməyən, kobud insanlar olur. Ona görə də sərnişin daşıma ilə məşğul olan şirkətlər də “Asan xidmət” mərkəzlərində olduğu kimi gülərüzlülük, insani keyfiyyətlərə malik, insanlarla danışmaq mədəniyyəti olan sürücüləri işə götürməlidir.

 

Bundan başqa, bu gün Avropa ölkələrində yüksək keyfiyyətli yollar olduğu və yol normal tənzimləndiyi halda belə sürücüləri ildə bir dəfədən az olmayaraq məcburi qaydada treninqlərə cəlb edirlər. Həmin avtobus sürücüsü ildə bir dəfə mütləq xüsusi məşq keçməli, sürücülük vərdişlərini təzələməli, təkmilləşdirməlidir. Bunun üçün Avropada xüsusi yerlər var. Bu yaxınlarda Azərbaycana Avstriyanın “Beynəlxalq Test və Treninq Təşkilatı”nın rəhbəri cənab Frans Vürr gəlmişdi. Onunla görüşdə mənim iştirakımla Nəqliyyat Nazirliyindən də xüsusi qrup mütəxəssislər dəvət olunmuşdular. Maraqlı müzakirə apardıq. Dünyada xüsusi avtodromlar var. Bizdə motodrom vardı, indi onun yerinə avtovağzal tikdilər. Bu gün Azərbaycanda ağıllı-başlı motodrom yoxdur ki, dərə-təpənin orada imitasiyası olsun, sürəti təhlil edib tənzimləmək, dönmə məsələləri öyrədilsin. Bu gün çox vəsait tələb etməsə də, Azərbaycanda buna ciddi ehtiyac var.  Təsəvvür edin ki, dünyada nə qədər qəribə olsa da, avtobus sahibləri özləri bunu istəyir. Niyə? Çünki onun avtobusunu qəzaya salan sürücüyə heç nə olmasa da, avtobusun qiyməti 100-200 min dollardır. O sahibkar, avtomobil nəqliyyatı müəssisəsi həmin motodromu qurur ki, sürücülər orada öyrənsin. Dünyanın bir sıra qanunvericilik aktlarında bu məsələ qanunla məcburi-imperativ norma ilə tənzimlənir. Sahibkar özü pulunu verir ki, onun sürücüləri 1-2 günlük treninqlər keçsinlər, sürücülük vərdişləri tənzimlənsin, təkmilləşsin.

 

Məmur övladlarının “dərsi” və qanunların sərtləşən üzü

 

Cənab Prezidentin harınlaşmış məmurlar barədə dediyi fikirlərə qayıdaq. Mən istəyirəm ki, bu gün yenə DYP işçilərini tərifləyəm. Deyəm ki, prinsipiallıq daha da artıb, kimliyindən asılı olmayaraq qaydaları pozan sürücülər saxlanılır, irad tutulur. Buna görə də artıq məmur övladları, vəzifədə olanlar bir az çəkinirlər. Valideynləri də bu gün onlara möhkəm təpinib, bu hallar var.

 

Bizim son qanunlarımız içkili sükan arxasında oturanlar, sükan arxasında telefonla danışanlar ilə bağlı cərimə və cəzaları bir az da sərtləşdirdi. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərləri və şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə və nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə cərimələrin miqdarı 50 manatdan 150 manata qaldırılıb.  "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, yalnız yaşı 60-dan yuxarı olan insanlardan sürücülük vəsiqəsini dəyişən zaman sağlamlıq haqqında tibbi arayış alacaqlar. Yeni avtomobillər istehsal olunduqdan 4 il sonra texniki baxışdan keçəcəklər. Həm də bu texniki baxış 1 il yox, 2 ildən bir həyata keçiriləcək. Avtomobilin istehsalından 10 il ötəndən sonra isə avtomobil hər il texniki baxışdan keçəcək. Sürücü sərxoş vəziyyətdə qəza törədərsə, 1 nəfər həyatını itirəndə 8 ilə, 2 nəfər və daha çox insan həyatını itirərsə, həmin sürücü 12 ilə qədər azadlıqdan məhrum ediləcək. Qanunlarımızın sərtləşməsi günün tələbi idi.

 

Texniki baxışa yeni baxış

 

Texniki nasazlıq ucbatından da düşünürəm ki, az qəzalar baş vermir. Bu gün texniki baxış mövcuddur, ancaq bu sahə zənnimcə, bir çox hallarda formaldır, kobud desək yarıtmazdır, bu işdə problemlər var. Bir gün gedib orada müşahidə aparmaq kifayətdir ki, texniki baxışın keyfiyyətsiz aparıldığının şahidi olasan. Burada da prinsipial, tələbkar mövqe olmalıdır. Bu gün texniki nasaz olan “Jiquli” avtomobilləri satılır. İstehsalından 5 il ötmüş avtomobillər satılanda mütləq texniki baxışdan keçirilməlidir. Həm də avtomobil satılan yerlərdə texniki baxış təşkil edilməlidir. Avtomobili elə aldığımız yerdə texniki baxışdan keçirsək, bunun nəyi pisdir? Köhnə avtomobillər texniki baxışdan keçirilmədən satılmamalıdır. Qəzaların əhəmiyyətli qismini də köhnə “Jiquli”lər törədir. Millət vəkili Hikmət Atayev həyatını itirəndə də qəza törətməkdə günahkar olan şəxs həm içkili, həm də avtomobili nasaz, qaydalara əməl etməyən birisi olub.

 

QHT amili

 

Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Beynəlxalq təcrübəyə görə ictimaiyyət bu sahədə QHT institutları vasitəsilə bu problemlərlə kəskin mübarizə aparır, profilaktika baxımından geniş fəaliyyət göstərir. Dünya ölkələrində avtomobil həvəskarları cəmiyyətlərinin böyük bir seti mövcuddur, onlar geniş fəaliyyət göstərirlər. Londonda də belə bir beynəlxalq qurum var. Təəssüf olsun ki, Azərbaycanda belə qurumlara lazımi şərait yaradılmır. Yeri gəlmişkən, Azərbaycanda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi var, bununla bağlı radio və televiziyada maarifləndirici verilişlər verilir. Amma rəsmi adamın danışığı ilə QHT nümayəndələrinin danışığı arasında bütün hallarda bir az yaxşı mənada fərq olur. Aşıq etiraf edək ki, Azərbaycanda bu sahədə QHT institutu zəif inkişaf edib. Axı niyə İngiltərədə, Avropanın bütün ölkələrində, hətta MDB məkanında belə institutlar var, Azərbaycanda mən bilən təkcə bir dənədir, ondan da istənilən qayğı göstərilmir?! DYP fikirləşir ki, bu işlə mən məşğul oluram, başqası məşğul olsa birdən hərc-mərclik yaranar, özbaşınalıq olar, ümumi işə ziyan gələr. Düşünürəm ki, əksinə bu bizim ümumi işimizdir, hamımız yol polisinə kömək etməli, bu bəlanı aradan götürməyə çalışmalıyıq. Bütün cəmiyyət bununla məşğul olmalıdır. Hamı bu gün maraqlı olmalıdır ki, yol hərəkəti qaydaları pozulmasın.

 

Dayanacaq mədəniyyəti

 

Yeri gəlmişkən, digər bir məsələ də bu gün cəmiyyəti düşündürür. Söhbət parkinqdən gedir. Möhtərəm Prezidentimiz tərəfindən paytaxtda parkinqlərin tikilməsi ilə bağlı dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Şəhərdə tikilən binaların böyük əksəriyyətinin altında parkinqlər var. Dənizkənarı Bulvarda da böyük parkinq tikilir. Qış Bulvarının altında da parkinq olacaq. İndi bizi yandıran, əsəbiləşdirən nədir? Parkinq ola-ola yenə avtomobili çöldə, yolda saxlayırlar. Bu vərdişdir, tənbəllikdir, nədir..?  Gərək biz bu məsələlərə də ciddi yanaşaq. Burada da yol polisinin bəyənmədiyi, qəbul etmədiyi, çıxışımın əvvəlində dediyim Avtomobil Həvəskarları Cəmiyyətləri, ümumiyyətlə, QHT-lərin üzərinə böyük missiya düşür. Rusiyada belə bir maraqlı təcrübə var. Avtomobili müvafiq olmayan yerdə saxlayanda QHT-lər avtomobilin üzərinə vərəqə yapışdırır. Vərəqədə belə yerdə avtomobil saxlayanın harın adam olduğu yazılır. Görün “Harın adam!” sözü insana nə qədər təsir edir.

 

O da xüsusi qeyd edilməlidir ki, ölkəmizdə sürücünün məmurdan yol polisindən asılılığının azaldılması, məmur-sürücü kontaktının sıfıra endirilməsi istiqamətində böyük işlər görülüb. Bu günlər nə qədər yollarda, yerlərdə radarlar qoyulub?! Digər tərəfdən, Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin yaradılması, sürücülük vəsiqəsi almaq üçün xüsusi avtomatda testdən keçmək tələb olunması  ona yönəlib ki, məmur - DYP işçisi ilə vətəndaş-sürücü arasında təmas azalsın.

 

İkincisi, bu gün yolların, magistralların yenidən qurulması, bərpası, təmiri istiqamətində böyük işlər görülür. Kəndarası, rayonlararası yollar müasir standartlara cavab verən hala gətirilir. Bunlar da gözümüzün qabağında olan işlərdir, bunlar, faktdır və bunları heç cür kənara qoymaq, görməzliyə vurmaq olmaz. Eyni zamanda, yollara nişanlar qoyulur, təhlükəsizliyin təmin olunması üçün digər bir sıra işlər görülür, elmi-texniki yeniliklər tətbiq olunur. Bu proseslər gedir və göz qabağındadır.

 

Bəs DYP əməkdaşı?

 

Bu gün demək olar ki, DYP-də neqativ, adamların haqq-nahaq incidilməsi halları hiss olunan səviyyədə azalıb. DYP-də rüşvət məsələsi xeyli dərəcədə yığışdırılıb. Bu gün birmənalı qeyd etməliyik ki, DYP işçiləri qaydaları pozmayanları saxlamırlar.  Ancaq mən DYP işçilərini ən çox müdafiə edən insanlardan biri olsam da, bu gün bir həqiqəti, rast gəldiyim narahatçılığı mütləq deməliyəm. DYP işçilərinin böyük əksəriyyətinin ümumi intellekti aşağıdır, dünyagörüşü zəifdir, loru desək, helimi-qılığı, maşın saxlayıb müraciət etmək bacarığı, ümumi köhnə qayda ilə desək “QAİ” mədəniyyəti aşağıdır. Baxmayaraq ki, insafən bu insanlar gərgin işdə işləyirlər, bəzən sosial-psixoloji durumları yerində olmur. Çox təəssüf ki, bu gün DYP-də ünsiyyəti bacarmayan, kobudluğa yol verən, , hərəkəti, dili, sözü ilə insanları narazı salanlar var. Belələri haqqında ölçü götürülməlidir. Bir sıra hallarda DYP işçilərində insanlarla mədəni rəftar, hüquqi normalarla danışmaq etikası yoxdur. Bəzən görürsən ki, DYP işçiləri ucbatından tıxac yaranır. Yolda nəqliyyatın hərəkətinin ən gərgin vaxtında hansısa sürücünü saxlayıb ki, guya ona cərimə yazır. Bütün yolu bağlayıb! Görürsən ki, geyim-kecim, rəftar, görüntü, sifət, saqqal... heç biri bu adamda yerində deyil. Belə DYP əməkdaşı fikirləşir ki, birdən gülümsəyərəm, sürücü də yolunu azar məndən qorxmaz... Sən düşünsən ki, özün kimsən və kimi saxlamısan?! Elə insanları saxlayırsan ki, bəlkə adi insanlıq mövqeyi, vəzifəsi, təhsili səndən yüksəkdir. Mən demirəm ki, tanınmış insanlara xüsusi diqqət yetirsinlər, onlara yersiz güzəştə getsinlər. Söhbət elementar davranış normalarından gedir.

Bir də görürsən uzaq yol gedəni on dəfə saxlayırlar ki, trasda sən radara düşmüsən. Məlum məsələdir, bəlkə bu xəbərdarlığı bir dəfə etmək olar, daha hər yarım saatdan bir yox da?! Radara düşmüsəm cərimə vərəqi ünvanıma gələcək ödəyəcəyəm, çalışacağam bir də belə etməyəm. Bəzən bu radar oyunları da adamları yorur.

Mən düşünürəm ki, bu qrup insanlara, təfəkkür sahiblərinə xüsusi psixoloji dərslər keçirilməlidir. Təsəvvür edin ki, DYP işçisi əli cibində insanlarla danışır, yerişində kobudluq var, danışıq tonunu qaldırır, artıq-əksik sözlər danışır. Bu qrup polislər üçün mütləq treninqlər təşkil olunmalıdır. DYP işçiləri ilə mütləq ayda bir günmü, ildə üç günlükmü məşqlər keçirilməlidir. Vətəndaşların intellekti dəyişir, insanlar xarici dilləri öyrənir, dünyanı gəzib görürlər.

 

Niyə “Asan xidmət” mərkəzlərini tez-tez misal gətiririk? Bu gün “Asan xidmət” mərkəzlərinə işə götürülən insanlar üçün ən vacib keyfiyyətlər gülərüzlülük, insani keyfiyyətlər, ünsiyyət mədəniyyətidir. DYP əməkdaşlarının aldıqları cərimənin 25 faizini onlara verilir. Əmək haqları da yüksəkdir. DYP əməkdaşları geyiminə, üst-başına baxsın, qarnını yığışdırsın. Qarınlı DYP işçisini yola qoymayaq, qoy gedib kabinetdə otursun. Qarnı burnuna dəyən, ümumi etik normaları bilməyənlə üz-üzə qalmaq narahatlıq doğurur. Kobudluq, etikadan kənar davranışlar aradan qaldırılmalıdır.

 

Özün-özünə qatil kəsilmə!

 

Gəlin o biri tərəfdən də danışaq, söhbət burada vətəndaşlardan, sürücülərdən gedir. Bu yerdə Rusiya cəmiyyətində və parlamentində geniş müzakirəsi getmiş bir məsələni xatırlatmaq istəyirəm. Keçən il sentyabrın ortalarında Moskvada bir cavan oğlan sərxoş halda avtomobilini idarə edərkən ölümlə nəticələn ağır və faciəli yol-qəza hadisəsi törətdi. Həmin hadisə zamanı sərxoş sürücü 5-i əlil uşaq olmaqla, 7 nəfəri maşınla vuraraq öldürdü. Amma bu hadisənin rezonansı, müzakirəsi sonda hansı istiqamətə yönəldi? DYP üzərinə yox, daha çox vətəndaşın özünə doğru! Cəmiyyətin, vətəndaşın özünə yönəldi ki, bu məsələdə əsas məsuliyyət sənin üzərindədir. Məhz sənin səhvin, günahın ucbatından belə bir faciəvi hadisə yaşandı... Ümumiyyətlə, bu gün bu yöndə dünyada gedən proseslər daha çox nəyə yönəlir, istiqamətlənir – məhz sürücülük intizamın, sürücünün şəxsi mədəniyyətinin artırılmasına doğru.

Hesab edirəm ki, məktəblərdə uşaqlara keçid qaydalarını daha dərindən öyrətmək lazımdır. Bu səriştələri yaxşı mənimsəyənlərə və gələcəkdə avtomobildən istifadə də maraqlı olan uşaqlara bəlkə ilkin müvəqqəti simvolik sürücülük vəsiqəsi verilsin. Yeri gəlmişkən, bu gün şəhərdə əsasən nədən tıxaclar yaranır? Bu ona yol vermir, o buna yol vermir. Ona görə ki, sürücülük mədəniyyəti azdır, ictimai qınaq yoxdur. Haçan biz hansısa yol-avtomobil qəzasına görə demişik ki, ay filankəs, uşağa maşın verəndə bilmirdin belə olacaq, onu başa sala bilməzdin ki, maşını adam balası kimi idarə etsin, mədəniyyət nümayiş etdirsin? Çox təəssüflər olsun ki, heç birimiz bunu etməmişik, günah işlədənləri ictimai qınağa məruz qoymamışıq. Öncə də vurğuladım, maşında telefonla danışmaq olmaz, amma görün nə qədər adam maşın idarə edərkən telefonla danışır, hətta ismarış yazır. Bunlar da nəticə etibarı ilə yol-qəza hadisələrinin kəskin surətdə çoxalması ilə nəticələnir. Bəli, cərimə sanksiyalarını, cəzaları daha da sərtləşdiririk.  Son illərdə bu istiqamətdə ən azı 30-a yaxın qanunvericilik aktlarına dəyişiklik edilib. Amma görünür ki, bunlar da yetərli, effektli deyil. Deməli, burada əsas məsələ ictimai qınağın gücləndirilməsi, insanların məsuliyyətinin artırılması, sürücülük mədəniyyətinin daha artıq dərəcədə formalaşdırılması məsələsi üzərində qurulmalıdır. İctimai qınaq güclü olarsa, bu, cərimə sanksiyalarından da, cəzalandırmadan da daha ağır cərimə və ya cəza olar...

Təhlükəsizlik kəmərindən istifadə  ağır yol-qəza hadisələri, ölümlərin azalmasında ciddi rol oynayır. Azərbaycanın gənc estrada ulduzu, “Eurovision” qalibi Nigar Camal Sankt-Peterburqda təhlükəsizlik kəmərindən istifadə ilə bağlı klip çəkdirib və tez-tez efirlərdə getməkdədir. İstərdim ki, bizim özümüzdə də bu cür kliplər, videoçarxlar daha çox çəkilsin və insanlara nümayiş etdirilsin. Amma təhlükəsizlik kəmərindən istifadə məsələsi hələ də ən ciddi məsələlərdən biri olaraq qalmaqdadır. Axı, səndən heç nə istəmirlər, deyirlər ki, bu kəmərdən istifadə et, ay qardaş, niyə canın çıxır, niyə o kəməri bağlamırsan? Bunun özü elə bir mədəniyyətdir də?! Burada axı, qəbahətli nə var ki?! Hətta, maşınlarda siqnal var ki, sürət həddini keçəndə, kəmər bağlamayanda səs verir, amma bəziləri görürsən ki, onu da söküb maşından atırlar. Belə də mədəniyyətsizlik olar?! Axı, heç nədən, məsuliyyətsizliyin üzündən hadisə olacaq, əziləcəksən, ziyana düşəcəksən, öləcəksən, sən vurmayacaqsan, başqa birisi səni vurub maşın qarışıq əzişdirəcək, şikəst edəcək və ya öldürəcək. Məgər bunu istəyirsən, canından belə bezmisən? Özünü düşünmürsən, heç olmasa, başqalarının həyatına bais olma... Ona görə bu gün bu yöndə ən ciddi məsələlərdən biri sürücülük mədəniyyətinin son dərəcədə aşağı olmasıdır.

 

Kəmiyyət keyfiyyətlə tamamlanmalıdır

 

Azərbaycanda sosial rifahın yaxşılaşmasından maşınların sayı son illər kəskin surətdə artıb. Statistikaya əsasən 1980-ci ilə qədər olan və hələ də işlək vəziyyətə malik avtomobillərin sayı 103 mindir. Təxminən 225 min avtomobil 80-90-ci illərin buraxılışı dövriyyədə olan maşınlardır. 311 min avtomobil 1990-2001-ci illərin maşınlarıdır. 140 min avtomobil də 2001-2005-ci illərdə buraxılan və dövriyyədə olanlardır. Hələ 2005-ci ildən 2011-ci ilə qədər olanların sayı əvvəlki illərlə müqayisədə daha çoxdur, yəni, 245 min. Üst-üstə götürəndə təxminən 1 milyon 100 min avtomobil edir, hələ bir az da çox...

Bir sözlə, avtomobillərin sayı fantastik olaraq çoxalır, yollar düzəlir, sürət artır. Demək, burada nə tələb olunur? Son dərəcə sürücülük mədəniyyətinin yüksək olması. Bizdə nə qədər belə hadisələrə rast gəlmək olur ki, məhz içkili vəziyyətdə, sürətli idarəetmə zamanı törədilib. Belə hallar saysız-hesabsızdır. Mən dünyanın bir sıra ölkələrinin təcrübəsi ilə tanışam. Məsələn, Türkmənistanda və bəzi başqa ölkələrdə içkili vəziyyətdə avtomobili idarə edən və dəfələrlə qaydanı pozan vəzifəli şəxslərin övladlarının hərəkətlərinə görə valideynlərinə sərt cəza tətbiq olunur. Bu gün  həmin ölkələrdə valideyn məsuliyyəti kəskinliklə ortaya qoyulur. Məni bəlkə də ən çox dəhşətə gətirən odur ki, sürücülüyü bacarmaya-bacarmaya, imkanlı valideynlər pul verib, övladına maşın alırlar, sürücülük vəsiqəsi olmadan maşın sürməyə icazə verirlər. Yəni belə demək mümkünsə, özünü bilə-bilə təhlükəyə atsın, öldürsün, ölsün. Reallıqlar və müşahidələr də sübut edir ki, bizdə əsasən imkanlı, vəzifəli şəxslərin övladları - özü də əksər hallarda azyaşlı uşaqları - daha çox belə qanunsuzluqlara meylli olur və yol-qəza hadisələri törədirlər. Deməli, belə olan halda, burada azyaşlı uşaqlar məsələsi, valideyn, cəmiyyət məsuliyyəti məsələsi gündəmə gətirilməlidir.

Gəlin qaydalara əməl etmək nümunəsini biz özümüz ilk növbədə göstərək. Bu nümunəni bizim digər vəzifəli, imkanlı adamlar, onların övladları, cəmiyyətdə söz, nüfuz sahibi olan insanlar, ziyalılar, ağsaqqallar göstərsinlər, başa salsınlar ki, bu məsələdə çox şey insanların, vətəndaşın özündən, onun öz məsuliyyətini dərk etməsindən, sürücülük mədəniyyətinə son dərəcə mükəmməl yiyələnməsindən asılıdır.

Bəzən qonşu Gürcüstanı bizə nümunə çəkərək iddia edirlər ki, orada yol polisi ilə bağlı islahatlar daha effektlidir. Statistikaya nəzər saldıqda isə görürsən ki, bunlar orada sonuc etibarı ilə yol-qəza hadisələrinin azalmasına gətirib çıxarmayıb. Əksinə, orada yol qəza hadisələrinin və bu hadisələrdə həyatını itirənlərin, yaralananların sayı bizdəkindən iki dəfə artıb. Deməli, bu məsələdə ən effektli istiqamət ictimai qınağın artırılması və sürücülük mədəniyyətinin yüksəldilməsi məsələsidir. Gəlin bu yolda birləşək, inzibati orqanlara yaxından kömək edək!!!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1685
avatar

Oxşar yazılar