Ey hörmətli müəllim... - REPORTAJ
05 oktyabr 2015 18:10 (UTC +04:00)

Ey hörmətli müəllim... - REPORTAJ

Hər kəsin müəllimlər haqqında gözəl təəssüratları var. Bu il qədəmlərini ilk dəfə qoyan birincilərin də, artıq məktəbin yuxarı siniflərində təhsil alan şagirdlərin də.

 

Bəli, söhbət 5 oktyabr - müəllimlərin peşə bayramından gedir. Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa, qiymətləndirmək üçün bu bayram bir vasitədir.

 

Bu gün müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramlarını qeyd edirlər. Onu hamı işgüzar, zəhmətsevər ziyalı, yaxşı coğrafiya müəllimi kimi tanıyır. Ömrünün 30 ilini müəllim peşəsinə bağlayan Nizami Bayramov deyir ki, müəllim peşəsinə bağlılığı atasının 45 il müəllim işləməsinə  olan marağından yaranıb. Sonradan isə o, coğrafiya elminə böyük həvəs göstərib. "Ankara" məktəb-liseyin coğrafiya müəllimi kimi fəaliyyətini bu gün də böyük həvəslə davam etdirən Nizami müəllim deyir ki, 1986-cı ildən bu günədək fasiləsiz olaraq çalışır: "Müəllim çox şərəfli peşədir. Çətin peşədir. Təmkin tələb və dözüm tələb edir. Bu gün gənclərə ən böyük arzumdur ki, seçdikləri peşəni sevib, sonadək davam etdirsinlər".

 

Müəllimlik peşəsini bütün peşələrdən üstün hesab edən Səmayə Eynullayeva da nizam-intizamı, müəllimlərə və şagirdlərə həssas, səmimi münasibəti uğurun açarlarından hesab edir. Deyir ki, peşəsinə vurğunluğu lap uşaq vaxtlarından başlayıb. Hələ uşaq ikən  "müəllim-müəllim" oynadıqları həmyaşıdları ilə həmişə onlara müəllimlik edərmiş. İlk müəllimi, ilk şagirdini, hətta ilk direktorunu belə bu gün böyük sevgi ilə xatırlayır: "İnsanın ilk müəllimi heç vaxt yadından çıxmır doğma anası kimi. İbtidai sinif müəlliməm Barikə müəllimə olub. Öz peşə fəaliyyətimə isə Sabunçu rayonundakı 252 nömrəli məktəbdən başlamışam, ilk dərs dediyim şagirdlərimin də adını bilirəm. Onlardan biri Səbinə Quliyeva bu gün mənimlə çiyin-çiyinə işləyir. Müəllimlik mənim həyatımın mənasıdır. Mən həmişə özümü müəllim sayıram. Baxmayaraq ki məktəb direktoruyam. Mən dünyada müəllimdən şərəfli, müəllimdən uca ad tanımıram".

 

Bəli, hamıya ömründən pay verən iki müəllim ömrünü də beləcə vərəqlədik. Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

 

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq, müəllimlərin peşə bayramlarının dünya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.

 

Bayramınız mübarək, əziz müəllimlər!

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar