Milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq yarışlarda və turnirlərdə qələbələr qazanmış Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Titan” idman klubunun üzvləri ilə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən E. Mahmudov idmançıların əldə etdikləri uğurların ümumilikdə prezident İlham Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi strategiyanın tərkib hissəsi olan idman və gənclər siyasətinin parlaq nümunəsi olduğunu bildirib.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 2013-cü ildə dünya və Avropa çempionatlarında, habelə Güc strukturları arasında Dünya Oyunlarında yüksək yerlərə layiq görüldüklərinə, Azərbaycanın idman uğurlarına verdikləri töhfələrə, həmçinin şəxsi heyətin idman hazırlığındakı səylərinə görə bir qrup əməkdaşın və məşqçilərin təltif edilmələri barədə Milli Təhlükəsizlik Nazirliyinin əmri elan olunub. Nazir E. Mahmudov MTN-in “Titan” idman klubunun üzvlərinə fəxri fərmanları təqdim edib.