Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsi ilə bağlı konfrans keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin çərçivə planının müzakirə olunduğu tədbirdə bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Konfransda açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub.
Tədbirdə qeyd olunub ki, könüllü sosial sığortanın tətbiqi, bu əsasda əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi üçün islahat tədbirlərinin reallaşdırılması mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır ki, bu da beynəlxalq təcrübə öyrənilməklə hərtərəfli araşdırmaların aparılmasını zəruri edir.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel hər iki ölkənin müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayaraq ölkəmizdə pensiya təminatı sahəsində islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib. BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün vacib önəm daşıdığını bildirib. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli dövlətimizin yürütdüyü siyasətin əsas məqsədinin sosial müdafiənin gücləndirilməsi olduğunu qeyd edərək bildirib ki, növbəti mərhələdə sığorta-pensiya sistemində nəzərdə tutulan islahatlar sosial ədalətin gücləndirilməsi, pensiya təminatı sahəsində yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir.
Prezident Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, həyata keçirilən islahatların sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edib.