Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ağdaşda regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildirilib ki, “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə Ağdaş, Göyçay, Qəbələ və İsmayıllı rayonlarından olan sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələrin gedişində DSMF-nin şöbə müdiri Famil Qədimov qeyd edib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Şöbə müdiri ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb. O, bildirib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.
Daha sonra DSMF-nin əməkdaşı Hikmət Əliyev təqdimatla çıxış edərək, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb. DSMF-nin şöbə müdiri Məmməd Nuriyevin Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.