Əmək müfəttişliyi xidməti karxananın işini dayandırdı
27 aprel 2015 15:20 (UTC +04:00)

Əmək müfəttişliyi xidməti karxananın işini dayandırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əməyin mühafizəsi vəziyyətinin yerindəcə yoxlanılması məqsədilə həyata keçirdiyi növbəti nəzarət tədbiri zamanı Bakının Qaradağ rayonunda yerləşən, mişar daşlarının istehsal olunduğu (daş karxanaları) “Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də təhlükəli əmək şəraitinin mövcud olduğunu aşkarlayıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Təhlükəsiz iş aylığı” çərçivəsində və aidiyyəti qurumların (Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) əməkdaşlarının iştirakı ilə keçirilən nəzarət tədbiri nəticəsində müəssisədə qeyd olunan göstərişlərin icrası sahəsində heç bir iş görülmədiyi, əmək şəraitinin əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə cavab vermədiyi müəyyən olunub. İşçilərin  xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, onların əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmadığı müəssisədə avadanlıq və qurğuların istismarı burda çalışanların həyatı üçün təhlükəli şəraitdə həyata keçirilir. İstehsalat qəzalarının qarşısının alınması üçün heç bir profilaktiki tədbirlər də görülməyib. 

 

 

Eyni zamanda, müəssisədə çalışanların böyük əksəriyyəti ilə əmək münasibətlərinin rəsmiləşdirilmədiyi, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri, normal əmək və istirahət rejiminə, əməyin ödənilməsi normalarına riayət edilmədiyi də müəyyən olunub. Qanunvericiliyə əsasən, əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək dayandırılmalıdır. Bu prinsipə uyğun olaraq, “Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də işlər əməyin mühafizəsi tələbləri yerinə yetirilənədək dayandırılıb və icrası məcburi olan göstərişlər verilərək akt tərtib edilib.

 


“Təhlükəsiz iş aylığı” çərçivəsində DƏMX tərəfindən nəzarət tədbirləri ilə yanaşı, əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında mütəmadi olaraq məlumatlandırma tədbirləri də həyata keçirilir. Onlara əməyin təhlükəsizliyinin təmin olunmasına dair hüquqi-praktik izahatlar verilir və Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni olaraq, iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduqları onların diqqətinə çatdırılır.

 


Qeyd edək ki, cari ilin yanvar ayında DƏMX tərəfindən bu müəssisənin işəgötürəninə də rəsmi məktubla müraciət edilərək, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, işçilərin  pulsuz olaraq fərdi mühafizə vasitələri ilə təmin olunması barədə icrası məcburi olan göstərişlər verilib. Məktubda həmçinin bu sahədə vəziyyətin yerindəcə araşdırılması üçün nəzarət tədbirinin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar