Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 9 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
DQİDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsidir.
Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 96 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 77-i isə İslam dini icmasıdır. İcmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edir.