Gənclər və idman naziri Azad Rəhimov Braziliyanın idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq, tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar.
A. Rəhimov bildirib ki, Bakıda keçirilən Humanitar Forumda, Gənclər Siyasəti üzrə I Qlobal Forumunda və digər beynəlxalq layihələrdə braziliyalı gənclər çox aktiv iştirak edib və onlarla səmərəli görüşlər keçirilib. “Azərbaycan bir sıra beynəlxalq layihələrə ev sahibliyi edən ölkədir. İstər idman, istərsə də gənclər sahəsində braziliyalı gəncləri görmək bizim üçün xoşdur”.
Nazir eyni zamanda Braziliya ilə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Aldo Rebelo Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirib.
Braziliyalı nazir eyni zamanda gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də diqqətə çatdırıb. Müzakirələrdən sonra nazirlər ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıblar.