İyulun 1-dən Bakı metropolitenində qatarlar yay qrafikinə uyğun olaraq hərəkət edəcək. lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatına görə, mövsümü xarakter daşıyan yay hərəkət cədvəlinə əsasən, sərnişin axınının nəzərəçarpacaq dərəcədə azalması nəzərə alınaraq, qatarlar arasında intervallarda bəzi dəyişikliklər edilir.
Bu dövrdə "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda (8:00-dan 10:00-a qədər və 17:00-dan 19:30-a qədər) 2,5 dəqiqə təşkil edir. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 5 dəqiqə olur.
Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə 3 dəqiqə intervalla hərəkət edirlər. Müvafiq olaraq, "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət zamanı interval 6 dəqiqə təşkil edir.
Qeyd edilənlərə onu da əlavə edək ki, "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-N.Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.
İstirahət günlərində qatarların hərəkəti əsasən 3 dəqiqə təşkil edəcək. Sərnişinlərin marağını və çoxsaylı müraciətini nəzərə alaraq, "Bakmil"dən "N.Nərimanov" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların cədvəli saytımızda - ana səhifədə sol sütununun aşağı hissəsində yerləşdirilmiş "Qatarların hərəkət cədvəli" banner-bölməsində yaxın günlərdə dərc ediləcək.
Qeyd edək ki, cari ilin sentyabr ayında qatarların payız qrafikinin tətbiqinə başlanılacaq və həmin qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.