Baba Vəziroğlu: “Şairlər cəhənnəm əzabını bu dünyada görürlər”
04 iyun 2014 14:36 (UTC +04:00)

Baba Vəziroğlu: “Şairlər cəhənnəm əzabını bu dünyada görürlər”

“Hər bir insan anadan şair doğulur. İnsanın digər canlılardan bəlkə də fərqi odur ki, o, obrazlı düşünür. İlk dəfə istəyir ki, şeirlərini adi informasiya dili ilə, lüğət tərkibi ilə yox, obrazlı çatdırsın. Yəqin ki, hər bir insan dili söz, ayağı yer tutandan şairlik iddiasında olur. Amma sonradan həyat insanları cilalayır, onun səmtini dəyişir, yolunu dəyişir. Müəyyən insanlar şair olaraq qalır, o potensial onlarda güclü olur. Və yaxud onlar çox inanclı olurlar, yəni, bu mənada öt tutduqları yoldan dönmək istəmirlər”. Bu fikirləri APA TV-də yayımlanan “Səhər zəngi” verilişinin qonağı olan şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

 

Onun sözlərinə görə, şairlər bu seçimi yolun çətinliyini görə bilmədən seçirlər: “Amma bəlkə də bilsəydilər ki, bu yol çox çətindir, keşməkeşli, ağrılı-acılıdır, inanın ki, heç kəs şair olmaq, qələm əhli olmaq istəməzdi. Heç kəs ümumiyyətlə düşüncə adamı olmaq istəməzdi. Düşüncə insanları özləri bilirlər ki nə çəkirlər. Yəni, sutkanın 24 saatı formada olmaq, gərgin olmaq görün nə deməkdir? Beyin bir an sakitlik tapmır, rahatlıq tapmır, düşünür və hər şeyə həssas reaksiya verir. Şairlər cəhənnəm əzabını bu dünyada görürlər, ona görə mənə elə gəlir ki, hamısı cənnətlik olacaqlar. Yəqin ona görə təsadüfi deyil ki, müqəddəs kitablarda şairlər peyğəmbərlərdən sonra Allaha ən yaxın zümrə sayılır”.

 

O, xoşbəxtliyin vahid reseptinin olmadığını vurğulayıb: “Jurnalistlər həmişə eyni sualı verirlər - Baba müəllim, siz xoşbəxtsinizmi? Mən bu suala sualla cavab verirəm ki, əvvəlcə siz xoşbəxtliyin nə olduğunu deyin, onun reseptini açıqlayın, sonra mən cavab verim ki, xoşbəxtəm, ya yox? Yer üzərində 7 milyard adam var, hərənin öz xoşbəxtlik resepti var. Kimsə bir gün yaxşı yeyib-içəndə özünü xoşbəxt sayır. Amma bir başqasına dünyanın bütün var-dövlətini verirsən, yenə xoşbəxt ola bilmir. Çünki xoşbəxtlik çox individual anlayışdır, düşüncədir. Bəşər yaranandan heç bir şair xoşbəxtliyin qafiyəsini tapa bilməyib. Qafiyəsini tapa bilmirsə, deməli, xoşbəxtliyin özünü heç tapa bilməyəcək”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar