"Azərbaycan vətəndaşlarına "ASAN xidmət" mərkəzləri tərəfindən viza verilməsi üçün "ASAN Viza" - 2 konsepsiyası hazırlanıb".
APA-nın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
"Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq", - deyə Dövlət Agentliyinin sədri bildirib.
Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.
“ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.