Bir çox apteklərə arterial təzyiqin ölçülməsi ilə bağlı yaxınlaşdıqda əczaçılar “biz icra edə bilmərik, icazə verilmir”, - deyirlər. Lakin əvvələr özünü pis hiss edən insan istənilən aptekə yaxınlaşaraq təzyiqini ölçdürə bilərdi
Bəs görəsən, həqiqətən də əczaçılara apteklərdə arterial təzyiqin ölçülməməsi ilə göstəriş verilibmi?
Əvvəllər apteklərdə təzyiq ölçdürmək olsa da, indi buna icazə verilmir. Əczaçılar da təzyiq ölçməyin qadağan olunduğunu bildirirlər. İlkin diaqnoz üçün təzyiq ölçdürmək əsas sayılsa da, nəyə görə buna icazə verilmir artıq?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, apteklərdə arterial təzyiqin ölçülməsi qanunvericiliklə qadağan edilmir:
“Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il yanvarın 11-dəki 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 3.3-cü bəndinə əsasən, xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədilə aptek müəssisəsində qanda şəkərin miqdarının, bədən hərarətinin, arterial təzyiqin, boy və çəkinin ölçülməsi kimi diaqnostik test üsullarından istifadə edilə bilər.
Lakin bu ölçmələrin aparılması üçün müəyyən tələblərə riayət olunmalıdır. Arterial təzyiqin ölçülməsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən, bunun üçün müvafiq yer və standart əməliyyat prosedurları təmin edilməklə, yoxlamadan keçmiş və istifadəyə yararlı ölçmə vasitələrindən istifadə olunmaqla həyata keçirilməlidir.
Bu baxımdan, apteklərdə arterial təzyiqin ölçülməsinə dair ümumi qadağa mövcud deyil. Ayrı-ayrı apteklərdə bu xidmətin göstərilməməsi isə müvafiq tələblərin və zəruri şəraitin təmin olunmaması ilə əlaqədar ola bilər.
Eyni zamanda, “Dərman vasitələri haqqında” qanununu 14-cü maddəsinə əsasən, aptek təşkilatlarında xəstələrin qəbul edilməsi, onların müayinə və müalicəsinin aparılması qadağandır. Yalnız həyat üçün təhlükəli hallarda aptek təşkilatına gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər.
Qeyd etmək vacibdir ki, arterial təzyiqin aptekdə ölçülməsi tibbi diaqnozun qoyulmasını və ya həkim müayinəsini əvəz etmir. Təzyiq göstəricilərində hər hansı dəyişiklik müşahidə olunduqda, xüsusilə təkrar ölçmələr zamanı yüksək göstəricilər qeydə alındıqda, həkimə müraciət edilməsi tövsiyə olunur”.