“Azərbaycanda səhiyyədə böyük irəliləyiş var. Statistika da bunu göstərir ki, uşaq ölümü azalır, insanların ömrünün uzunluğu artır”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, bölgələrdə belə gözəl, möhtəşəm xəstəxanaların tikintisi insanların sağlamlığına verilən böyük töhfədir: “İndi Bakıda müasir xəstəxanaların tikintisinə biz artıq öyrəşmişik. İndi Bakıda onlarla tibb ocağı tikilib, təmir edilibdir. Bölgələrdə də səviyyə Bakıdakından aşağı olmamalıdır. Bu gözəl, möhtəşəm tibb ocağı onu göstərir ki, bölgələrdə də ən yüksək tibbi xidmət göstərilməlidir. Çünki Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan vətəndaşları sağlam həyat tərzi sürməlidirlər. Əlbəttə ki, diaqnostika və xəstəliyin vaxtında müəyyən edilməsi insanların sağlamlığı üçün əsas şərtdir. Bu məqsədlə bölgələrdə diaqnostika mərkəzləri tikilib”.
İlham Əliyev onu da qeyd edib ki, bununla paralel olaraq hər bir şəhərdə mərkəzi rayon xəstəxanaları tikilir və yaxud da ki, əsaslı şəkildə təmir edilir: “Hazırda deyə bilərəm ki, rayon mərkəzlərinin, şəhərlərimizin mütləq əksəriyyətində artıq gözəl tibbi xidmət var. Bu proses davam edir. Son on il ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilib. Böyük vəsait qoyulub. Bundan sonra da qoyulacaq. Çünki bir daha demək istəyirəm ki, insanların sağlamlığı üçün diaqnostika və müalicə əlbəttə, əsas məsələdir.
Vaxt var idi bizim imkanlarımız yox idi. Amma indi imkanlarımız vardır. İmkanları da biz lazım olan sahələrə yönəldirik”.