Avropa Oyunları ərəfəsində Səbaildə «Yaşıl Marafon»
20 aprel 2015 11:14 (UTC +04:00)

Avropa Oyunları ərəfəsində Səbaildə «Yaşıl Marafon»

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın təşəbbüskarı olduğu  «I Ümumrespublika Yaşıllaşdırma» marafonu layihəsi Səbail rayonunda da həyata keçirilir. Lent.az-ın məlumatına görə, artıq ölkə miqyasında 850 minə yaxın ağac əkilib. Səbail rayon ictimaiyyəti nümayəndələri «Yaşıl Marafon»un ikinci mərhələsi çərçivəsində artıq 3-cü ağacəkmə aksiyasına çıxıblar. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 300 nəfərdən çox insanın iştirakı ilə keçirilən növbəti aksiya sürüşmə zonası olan Badamdar şossesi və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə edib.

 

İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülüb, torpağa mineral gübrələr səpilib. Burada əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib. Bu sahədə əkilən ağaclar gələcəkdə yamacın möhkəmlənməsi və burada baş verə biləcək sürüşmə və digər halların qarşısının alınmasına köməklik göstərəcək.

 

Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılıb. Bu ərazidə əkilən ağaclar və güllər, salınmış yaşıllıqlar ölkəmizdə ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunları ilə bağlı şəhərimizdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə səbaillilərin töhfəsi olacaq və paytaxtımıza  gələcək çoxsaylı idmançılar və qonaqların zövqünü oxşayacaq.

 

Qeyd edək ki, Səbail rayonunda Avropa Oyunları ilə bağlı Su İdmanı sarayında, «Baku-Sport-siti»də, Bakı İdman Sarayında və acağəkmə aksiyasının keçirildiyi Salyan yolunda yerləşən Veloparkda yarışlar keçiriləcək. «Yaşıl marafon»un ikinci mərhələsi çərçivəsində Səbail rayonunda keçirilən bu aksiya zamanı 1000 ədəd yeni ağac və 30000 ədəd gül kolu əkilib, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilib. Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.

 

Mövsüm ərzində rayonda bu kimi aksiyaların  mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar