Artıq çəkidən əməliyyatla qurtulmaq düzgündürmü? – ARAŞDIRMA
13 iyul 2018 12:03 (UTC +04:00)

Artıq çəkidən əməliyyatla qurtulmaq düzgündürmü? – ARAŞDIRMA

Turalın 25 yaşı var. Təxminən 4 il əvvəl çəkisi nə az-nə çox - 164 kiloqram olub. Deyir, heç ağlıma belə gəlməzdi ki, bu gün 76  kiloqram çəkidə özümü bu qədər sağlam və gümrah hiss edəcəyəm.

 

Dəfələrlə müxtəlif növ dietik prosedurlara əməl edən müsahibim verdiyi çəkini müəyyən müddət sonra geri alırmış. Beləliklə, Tural Cəfərquliyev valideynlərinin məsləhəti ilə bariatrik cərrahiyyə olunmaq üçün mütəxəssislə məsləhətləşir. Müayinələr nəticəsində ona bildirilir ki, mədə kiçiltməsi əməliyyatı üçün düz iki ay müalicə olunmalıdır: "Mənim ayaqlarımda problem vardı. Qan-damar sistemində yaşanan problem əməliyyata mane olurdu. Həkimlər əməliyyata nə qədər israr etsəm də, onlar razılaşmırdı. Təxninən iki ay ancaq damarlarım müalicə olundu. Əməliyyata tam hazırlandıqdan sonra mədə kiçiltmə üçün hazırlıq prosedurlarına başlandı".

 

Bu əməliyyatdan sonra Turalın həyatı dəyişib, komplekslərdən azad olub. Əməliyyatdan uzun müddət keçməsinə baxmayaraq, Tural hələ də yeməyinə diqqət edir və sağlam həyat tərzi sürür: "İlk növbədə həkimin dediyi hər bir şeyə riayət etmək lazımdır. Əgər əməl etmirsənsə, daha çox çəki verirsən, ya da həddindən artıq çəki yığırsan. Proses diqqətdə saxlanılmalıdır ki, sağlam yaşaya biləsən".

 

Xəyalə Novruzova da əməliyyat riskini göz altına alıb. 32 yaşlı xanım böyrək çatışmazlığından əziyyət çəkirmiş. Bunun üçün əməliyyat olunub və hazırda tək böyrəklə həyatını davam edir. 126 kiloqram çəkisi olan xanım iki il öncə mədə kiçiltməsi əməliyyatı da keçirib. Onu bu addımı atmağa vadar edən isə təkcə estetik gözəllik yox, həm də böyrəklərində yaranan problem olub. Hazırda 61  kiloqram çəkisi var: "Əməliyyat qərarımı heç kim dəstəkləmirdi. Ailəm də dəstək durmurdu. Sonra mütəxəssislərlə məsləhətləşdik. Bilirsiz, mən dəfələrlə dieta saxlamışam. 4, 7 və 3 ay böyü müxtəlif dietalara əməl etmişəm, çəki də atmışam. Dieta zamanı saçım tökülürdü, dırnağım qırılırdı, gərgin olurdum. Beləliklə, əməliyyat olunmaq qərarını verdik. Təbii ki, böyük risk idi. Əsas odur ki, sağlam və arıq olmaq istəyirdim. Səmimi deyim ki, bunu gözəl olmaq üçün etməmişəm. Özümü kök olanda bundan gözəl sanırdım. Bir böyrəyim yoxdur, digəri isə sağlamdır. Yəni əslində mənim bu əməliyyata məcburiyyətim vardı".

 

Mədəkiçiltmə əməliyyatından sonra estetik əməliyyat sağlamlıq vəziyyəti bu əməliyyatlara uyğun olan pasientlərə məsləhət görülür. Bu əməliyyatlar da ümumi anesteziya ilə yerinə yetirilir. Kəsilən hissənin həcmi pasientin sallanmış dəri miqdarına uyğun olaraq əməliyyat öncəsi cərrah və pasient arasında danışılır. Əgər xəstənin çəkisi artıb-azalırsa, estetik əməliyyat məsləhət görülmür. Çünki bütün cərrahi əməliyyatlar kimi, estetik cərrahiyyə inanılmaz dərəcədə inkişaf etsə də, hər zaman təhlükəlidir. Mütəxəssislərin fikrincə, istənilən cərrahiyə əməliyyatının ölüm riski var.

 

Təəssüf ki, ölkəmizdə gözəllik qurbanı olanlar müxtəlif yaş qruplarına aiddir. Əgər əvvəllər bu əməliyyat üçün populyarlıq qazanmış şəxslər müraciət edirdisə, indi görkəmindən narazı olan hər kəs əməliyyata meyllidir.

 

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov APA TV-yə müsahibəsində bildirib ki, estetik əməliyyatdan əvvəl xəstənin ideal kilosunun sabitləşməsi vacibdir: "Plastik əməliyyatların riskinə gəlincə, abdominoplastika və bədəni şəkilləndirmə əməliyyatlarında diqqət olunası məqamlar daha çoxdur. Məsələn, bariatrik əməliyyatlardan sonra pasientlər həkimin dediyinə əməl etmədikdə, onlarda dəri sallanmaları olur. Əlbəttə ki, 190 kq çəkidən 90 kq-a düşürsənsə, bu boşalmış dəri rezeksiya olunmalı, yəni kəsilib götürülüb bədən şəkillənməlidir. Əgər bu, insana həqiqətən narahatlıq, eyni zamanda ciddi estetik qüsur yaradırsa, əlbəttə ki, əməliyyat qaçılmazdır. Amma bir də var ki, insan özünə bir az əziyyət verib dietasını qorusa, tamamilə gözəl bir bədənə sahib ola bilər. Bunun üçün full bədəngərmə əməliyyatlarına ehtiyac yoxdur".

 

Taryel Ömərov hesab edir ki, mədə kiçiltmə əməliyyatı texniki manevr deyil, tibbi manevrdir. Elə buna görə də hər arıqlamaq istəyən pasiyent əməliyyat oluna bilməz: "Yox, əgər 1.69 boyu çəkisi 100 kq üstündə olan bir insan yaxınlaşırsa, bu zaman biz onun bədən kütlə indeksini hesablayırıq. Bu işlərin bir protokolu var. Bu qayda nədir? Bədən kütlə indeksinin 35-dən çox olması il ərzində həmin şəxsin iki dəfədən çox qeyri-cərrahi yollarla arıqlamağa cəhd edib arıqlaya bilməməsi və yanaşı gedən piylənmə nəticəsində yaranmış hər hansı xəstəlikləri - yağlı qaraciyər sindromu, şəkərli diabet , ürək damar xəstəlikləri riski varsa, əməliyyat olunmalıdr. Bu, görün nə dərəcədə ciddi protokoldur".

 

Taryel Ömərov deyir ki, əməliyyat olunan xəstələr arasında bu günədək 110 kiloqramdan 220 kiloqram çəki dərəcəsində olan insanlar olub. Hazırda mütəxəssis 247 kiloqram çəkisi  olan pasienti əməliyyata hazırlayır. Bunun üçün həmin pasient üzərində artıq 6 aydır müalicə aparılır. Tənəffüs problemləri səbəbindən əməliyyat ləngidilir ki, əməliyyat zamanı risk yaşanmasın.

 

Hər bir cərrahi əməliyyatın ağırlaşmasının və letallığının iki qrupa bölündüyünü söyləyən Taryel Ömərovun sözlərinə görə, bunlardan birincisi əməliyyatın texniki manevrindən yaranan ağırlaşmaları, ikincisi isə anesteziyadan əmələ gələn ağırlaşmalardır.

 

Cərrah deyir ki, hər bir əməliyyatın anestezi, yəni narkozdan ayılmamaq kimi riski var. Bunu dəyərləndirməkdən ötrü cərrahın mütləq bir komandası olmalıdır: "Hətta bariatrik cərrahiyyədə ürək-damar sisteminin riskləri daha böyükdür. Hər şeyə yüzdə-yüz əmin olsaq belə, daha çox plastik cərrahiyyədə rast gəlinən piy toxumasının, piy emboillarının venoz damarlardan damar daxilinə keçməsi ciddi fəsaddır. Bu, ciddi bir patologiyadır ki, daha çox travmatoloji xəstələrdə açıq sınıqların bərpasında, endoprotezlərdə, ağır çəkili insanlar üzərində bariatrik əməliyyatlarda risk daşıyır".

 

Estetik cərrahiyyədə piy toxumasının çəkilməsi - liposaksiya, abdominoplastika kimi əməliyyatlarda ölüm hallarına daha çox rast gəlinir: "Əməliyyatdan öncə nə qədər hazırlıq keçməsinə baxmayaraq, bəzən edə biləcəyimiz bir şey olmur. Pasientdə piy embolizasiyasının olmayacağı sözünü ona əməliyyatdan öncə demək mümkün deyil. Ona görə də estetik cərrahiyyələrdə piy toxumasının müxtəlif yerlərdən çəkilərək müxtəlif toxumalara köçürülməsi ilə bağlı həyata keçirilən proseduralarda bunlar daha çox diqqətə alınmalıdır".

 

Hazırda dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması, eyni zamanda liposaksiya - bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyatıdır. “Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsi gəlir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

APA TV

Oxşar yazılar